Reklam resmi
Reklam resmi

Payızda bu məhsulların BAHALAŞMASI GÖZLƏNİLİR

Payızda bu məhsulların BAHALAŞMASI GÖZLƏNİLİR
Cəmiyyət, İqtisadiyyat

Dünya bazarında ərzaq məhsullarının qiymətində və istehsalında baş verən dəyişikliklər yaxın aylarda Azərbaycan bazarına da təsir göstərə bilər. Dünya bazarında ərzaq məhsullarının qiymətində və istehsalında baş verən dəyişikliklər yaxın aylarda Azərbaycan bazarına da təsir göstərə bilər.

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Ajans.az- a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərzaq məhsulları üzrə idxaldan yüksək asılı olduğuna görə qlobal bazardakı hər bir qiymət dəyişikliyi daxili bazarda da hiss olunur:

“Azərbaycan il ərzində təxminən 2,6 milyard dollar dəyərində yeyinti məhsulları idxal edir. Şəkər, bitki yağı, kərə yağı, taxıl və bir sıra digər məhsullar üzrə tələbatın əhəmiyyətli hissəsi xarici bazarlar hesabına ödənilir. Bitki yağı isə əsasən xammal şəklində ölkəyə gətirilir, burada emal olunaraq satışa çıxarılır. Bu da ölkənin xarici bazarlardan asılılığını daha da artırır.”

V.Məhərrəmli bildirib ki, dünya üzrə buğda istehsalının azalacağı gözlənilir və bu, idxaldan asılı ölkələrdə qiymət artımını qaçılmaz edəcək:

“Azərbaycan hər il təxminən 1,3 milyon ton buğda idxal edir. Buna görə də payız aylarında taxıl məhsulları, un, çörək və digər un məmulatlarının qiymətində artım gözlənilir. Ölkənin özünü buğda ilə tam təmin edə bilməməsi bu riski daha da artırır. Bahalaşma yalnız taxıl məhsulları ilə məhdudlaşmayacaq. Dünya bazarında ətin və bitki yağının qiymətində artım müşahidə olunur. Eyni zamanda Ukraynada davam edən müharibə və mümkün logistika problemləri Azərbaycanın əsas idxal mənbələrindən birinə təsir göstərə bilər ki, bu da daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olacaq."

O qeyd edib ki, son illərdə süd məhsulları, kərə yağı və ət idxalı da artıb. Bununla yanaşı, bir sıra ölkələr qlobal istiləşmənin yaratdığı risklər səbəbindən ət ixracını məhdudlaşdıraraq ilk növbədə daxili tələbatı ödəməyə üstünlük verirlər. Bu isə idxaldan asılı ölkələr üçün əlavə risk yaradır:

“Azərbaycan ətə olan tələbatını tam ödəyə bilmir. İxracatçı ölkələrin daxili bazarı prioritet seçməsi nəticəsində idxal çətinləşə və nəticədə ətin qiyməti daha da arta bilər. Qiymət artımının qarşısını almağın əsas yolu daxili istehsalın gücləndirilməsidir. Ölkənin bu istiqamətdə kifayət qədər potensialı var."

Onun fikrincə, ərzaqlıq buğda, ət və süd istehsalını artırmaq mümkündür. Bunun üçün ilk növbədə keyfiyyətli yem bazası yaradılmalı, suvarma sistemi yaxşılaşdırılmalı və kənd təsərrüfatı siyasətində dəyişikliklər edilməlidir.

Ekspert bildirib ki, Azərbaycanda iri buynuzlu mal-qaranın gündəlik çəki artımı inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır. Bunun əsas səbəbi isə keyfiyyətli yem istehsalının yetərli olmamasıdır. O hesab edir ki, yem istehsalı artırılmadan ət və süd istehsalının yüksələcəyini gözləmək real deyil.

V.Məhərrəmli, həmçinin su təminatının kənd təsərrüfatının inkişafında əsas maneələrdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, yay aylarında həm suvarma, həm də içməli su problemi yaşandığı şəraitdə məhsuldarlığın artırılması mümkün deyil.

Ekspert hesab edir ki, düzgün planlaşdırma, su ehtiyatlarının səmərəli idarə olunması və istehsalın stimullaşdırılması nəticəsində Azərbaycan əsas ərzaq məhsulları üzrə daxili tələbatı ödəməklə yanaşı, gələcəkdə ixrac imkanlarını da genişləndirə bilər. Hazırkı siyasətin isə bu problemlərin tam həllinə imkan vermədiyini qeyd edib.

Mələksəda Ziyad

Mövzular:
Qiymət artımı ərzaq

Digər Xəbərlər