Fransada muzeydən yenidən OĞURLUQ: 4 milyon avroluq əşyalar YOXA ÇIXIB
Fransanın şərqində yerləşən Elzas bölgəsindəki Lalik Muzeyində cəsarətli soyğun baş verib. Naməlum şəxslər muzeydən ümumi dəyəri təxminən 4 milyon avro olan 20-yə yaxın zərgərlik məmulatını oğurlayıblar.
Ajans.az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb.
Hadisə iyulun 5-i səhər saatlarında Vingen-sür-Moder kommunasında yerləşən, məşhur Art Nouveau və Art Deco ustası Rene Lalikin irsinə həsr olunmuş muzeydə baş verib. Soyğundan sonra muzey müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
İstintaqın ilkin məlumatına görə, bir neçə maskalı şəxs giriş qapısını sındıraraq binaya daxil olub və eksponatların nümayiş etdirildiyi altı vitrini sındırıb. Oğurlanan zərgərlik məmulatları büllurdan hazırlanıb və qiymətli daşlarla bəzədilməsə də, yüksək bədii və kolleksiya dəyərinə malik olub.
Bildirilir ki, siqnalizasiya sistemi dərhal işə düşsə də, təhlükəsizlik əməkdaşları hadisə yerinə vaxtında çatmayıblar. Oğurluq faktını ilk olaraq işə gələn təmizlik işçisi aşkar edib və hüquq-mühafizə orqanlarına məlumat verib.
Vingen-sür-Moder şəhərinin meri təhlükəsizlik şirkətinin fəaliyyətini tənqid edərək bildirib ki, siqnalizasiya sistemi normal işləyib, lakin təhlükəsizlik xidməti hadisəyə operativ reaksiya verməyib və jandarmaya vaxtında məlumat ötürməyib.
Merin sözlərinə görə, cinayətkarlar əvvəlcədən hansı eksponatların ən qiymətli olduğunu biliblər və məqsədyönlü şəkildə məhz həmin zərgərlik məmulatlarını oğurlayıblar.
Hazırda istintaq çərçivəsində müşahidə kameralarının görüntüləri araşdırılır. Cinayət işi Bas-Rin Jandarmiyasının cinayət istintaq bölməsi tərəfindən araşdırılır.