ABŞ-də kütləvi HƏBSLƏR-400-dən çox insan SAXLANILDI
ABŞ-nin Kaliforniya ştatında Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdən sonra 400-dən çox şəxs saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə Los Angeles Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları bayram tədbirləri zamanı və onlardan sonra baş verən insidentlərlə əlaqədar 400-dən çox həbs həyata keçirib.
Bildirilir ki, saxlanılmaların əsas səbəbləri kütləvi dava-dalaşlar, çimərlikdə yerləşən mağazanın talan edilməsi, həmçinin fişənglərin qanunsuz istifadəsi olub. Məlumata əsasən, bəzi şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına fişəng atıblar.
Polis saxlanılanlar arasında yetkinlik yaşına çatmayanların da olduğunu açıqlayıb.
Qeyd edək ki, ABŞ-də Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlər zamanı bir sıra digər hadisələr də baş verib. Belə ki, Nyu-Yorkda Bruklin körpüsünün Amerika müstəqilliyinin 250 illiyinə həsr olunmuş atəşfəşanlıq nümayişi üçün istifadə edilən hissəsində yanğın qeydə alınıb.
Bundan başqa, Kaliforniyada orta məktəb məzunlarının tədbiri zamanı baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.