Manatın məzənnəsi ilə bağlı KRİTİK açıqlama: Qiymət düşəcək?

Manatın məzənnəsi ilə bağlı KRİTİK açıqlama:
İqtisadiyyat 28-02-2025 - 17:42
 231

Bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında Co Bayden administrasiyası Venesuelanın neft-qaz ixracına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldıracağını bildirib. Bu qərar, qlobal enerji bazarında təchizatın artacağı ehtimallarını gücləndirərək neftin qiymətlərinə təzyiq göstərir. Eyni zamanda, Vaşinqtonun tarif təhdidləri və ABŞ iqtisadiyyatının zəiflədiyinə dair əlamətlər investorlar arasında qeyri-müəyyənliyi artırır. Bu faktorlar təchizat narahatlıqlarını üstələyərək neft qiymətlərində azalmaya səbəb olur.

Daha aktiv sayılan “Brent” markalı neftin may fyuçersləri 31 sent (0.4%) ucuzlaşaraq 73.26 dollar/barelə düşüb. ABŞ-nin “WTI” markalı xam nefti də eyni həcmdə ucuzlaşaraq 70.04 dollar/barel səviyyəsinə geriləyib. Cümə günü müddəti başa çatan “Brent” fyuçersləri isə 35 sent (0.5%) azalaraq 73.69 dollar/bareldən ticarət olunub. Beləliklə, hər iki neft markası son üç ayda ilk dəfə aylıq azalma ilə nəticələnib.

Maraqlıdır, Venesuelaya qarşı sanksiyaların qaldırılması və ABŞ iqtisadiyyatındakı qeyri-müəyyənlik neft bazarının gələcək dinamikasına necə təsir göstərə bilər? Manatın məzənnəsi ilə bağlı hər hansı risk varmı?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənovun Ajans.az-a verdiyi açıqlamaya görə, neft bazarındakı bu proseslər manatın məzənnəsinə və dövlət büdcəsinin gəlirlərinə təsirsiz ötüşməyə bilər. Ekspertin sözlərinə görə, Azərbaycanın milli valyutası olan manatın məzənnəsi birbaşa neftin qiymətlərindən asılıdır:

"Ölkə büdcəsinin gəlirlərinin təxminən 65%-i neft sektoru hesabına formalaşır və xarici valyuta daxilolmalarının əsas hissəsini məhz enerji sektoru təmin edir. Buna baxmayaraq, neft qiymətlərindəki azalma və bunun iqtisadiyyata təsiri qiymətlərin hansı səviyyədə və nə qədər müddət ərzində ucuzlaşacağından asılıdır. Hazırkı şəraitdə neftin qiymətində 10-15% azalma olsa belə, bu qısamüddətli dövrdə manatın məzənnəsinə və büdcənin icrasına ciddi təsir göstərməyə bilər." 

İqtisadçı qeyd edir ki, 2025-ci il üzrə neft satış qiymətləri və ilk iki ayda əldə olunan gəlirlərin hazırkı səviyyədə olması normaldır. Lakin bu tendensiya uzunmüddətli davam edərsə, neft gəlirlərinin azalması tədiyə balansına, strateji valyuta ehtiyatlarının həcminə və ümumi makroiqtisadi sabitliyə təsir edə bilər:

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası dövründə tətbiq edilən Venesuela neft-qaz sektoruna qarşı sanksiyaların aradan qaldırılması qlobal bazarda neftin qiymətini daha da aşağı sala bilər. Bu sanksiyaların ləğvi ilə Venesuelanın bazara böyük həcmdə neft ixrac etməsi gözlənilir, bu isə neftin qiymətində daha kəskin enişlərə səbəb ola bilər."

Rəşad Həsənovun sözlərinə görə, ABŞ siyasətçilərinin məqsədi neftin qiymətini 40 dollar səviyyəsinə qədər endirməkdir. Əgər belə bir ssenari baş verərsə, Azərbaycan iqtisadiyyatı üçün bəzi çətinliklər yarana bilər: 

"Manatın məzənnəsini uzunmüddətli qorumaq çətinləşəcək və hökumət milli valyutanın məzənnəsi ilə bağlı mühüm qərarlar qəbul etməyə məcbur olacaq. Qısamüddətli dövrdə məzənnə dəyişikliyi baş verə bilər, bu isə idxal olunan məhsulların qiymətinə və inflyasiyaya təsir edəcək. Hazırda neft qiymətlərindəki azalmalar Azərbaycan iqtisadiyyatı üçün hələlik kritik təhlükə yaratmasa da, neftin uzunmüddətli ucuzlaşması dövlət büdcəsinə və manatın məzənnəsinə təzyiqi artıracaq. Əgər neft qiymətləri 40 dollar səviyyəsinə qədər enərsə, hökumət manatın məzənnəsi ilə bağlı addımlar atmaq məcburiyyətində qala bilər."

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: