İdmançılar bu səbəbdən tez ölür: Professordan XƏBƏRDARLIQ

Müasir dünyada insanlar ideal bədən sahibi olmaq haqqında daha çox düşünür və buna nail olmağın ən asan üsullarını axtarırlar. Bu sualın yeganə düzgün cavabı idmanla məşğul olmaq olsa da, bəzən bədənlərini gücləndirmək və əzələlərini möhkəmləndirmək istəyənlər müxtəlif həblərdən və qida əlavələrindən də istifadə edirlər.
Maraqlıdır, idman qidalarını qəbul etmək olarmı? Onlar zərərlidir, yoxsa faydalıdır?
Məsələyə münasibət bildirən professor Adil Qeybulla “Ajans.az”a açıqlamasında deyib ki, gənclərin çoxu protein və hormonal preparatlardan istifadə edir:
‘’Bu isə bəzən çox acı nəticələrə gətirib çıxarır. Hər bir orqanizmin müəyyən konfiqurasiyası var. Məsələn, istənilən orqanizmanı müəyyən standarta uyğunlaşdırmaq çətindir. Ona görə də elə insan var ki, anadangəlmə müəyyən əzələ kütləsi ilə doğulur, digərlərində isə vəziyyət belə deyil. Bu baxımdan, bədəni həddindən artıq məcbur etmək ciddi fəsadlara səbəb ola bilər.
Hormonal preparatların qəbulu zamanı orqanizmdə hormonal defisit yaranır, cinsi əlamətlərin inkişafı ləngiyir və müxtəlif sağlamlıq problemləri ortaya çıxır. Digər tərəfdən, müəyyən əzələ kütləsi əldə olunsa da, onu uzun müddət saxlamaq çətin olur. Hesab edirəm ki, peşəkar idmanla yalnız bu sahəyə uyğun olan şəxslər məşğul olmalıdır’’.
Professor vurğulayıb ki, Sadə idmansevərlər isə bədənlərini həddindən artıq yormamalıdırlar:
‘’Onlar qəbul etdikləri hər şeyin orqanizmə zərər verməməsinə diqqət yetirməlidirlər.
İdman, ilk növbədə, bədəni tonusda saxlamaq üçündür. Nəzərə almaq lazımdır ki, peşəkar idmançılar adətən uzun ömür sürmürlər, çünki onların bədən resursları daha tez tükənir. İdmanla elə məşğul olmaq lazımdır ki, orqanizm daim aktiv və işlək vəziyyətdə qalsın. Lakin idmanı peşəkar səviyyədə davam etdirmək üçün orqanizmin uyğun göstəricilərə malik olması vacibdir’’.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.