İctimai nəqliyyatdan istifadə edənlərə gedişhaqqı qiymətləri ilə bağlı YENİ XƏBƏR

İctimai nəqliyyatdan istifadə edənlərə gedişhaqqı qiymətləri ilə bağlı
İctimai nəqliyyatda gedişhaqqı
Cəmiyyət 19-02-2025 - 15:13
 379

Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, cari ildə Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Artıq şirkətin istehsalı üçün lazımi infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Layihənin təqribən investisiya həcmi 29 milyon manatdan çoxdur.

Maraqlıdır, avtobusların öz ölkəmizdə istehsal edilməsi ictimai nəqliyyatda qiymətlərə necə təsir edə bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Ajans.az-a verdiyi açıqlamada bildirir ki, güzəştlərin həyata keçirilməsi üçün Brutto müqavilə modelinə keçid vacibdir.

"Hökumət Brutto müqavilə sisteminə keçməli və hər kilometrə görə daşıyıcı şirkətləri subsidiya etməlidir. Belə olan halda, yeni imkanlar yaranar və müəyyən kateqoriyalara aid sərnişinlər üçün güzəştlər tətbiq oluna bilər. Hazırkı şəraitdə güzəştlərin olması çətin görünür, çünki mövcud modeldə nəqliyyat şirkətləri böyük əməliyyat xərcləri ilə üzləşirlər və sərnişinlərin ödədiyi 50 qəpik gediş haqqı bu xərcləri tam qarşılamır. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat hökumət tərəfindən subsidiya edilir ki, bu da xidmətin keyfiyyətinin yüksəlməsinə, sərnişinlər üçün rahat və əlçatan nəqliyyat infrastrukturunun formalaşmasına şərait yaradır". 

Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanda da ictimai nəqliyyata maliyyə dəstəyi artırılmalı, nəqliyyat vasitələrinin komfortu, qrafiki və sürəti təkmilləşdirilməlidir. Əks halda, sərnişinlər ictimai nəqliyyatdan imtina edərək fərdi nəqliyyat vasitələrinə üstünlük verəcək və bu da tıxac problemlərini daha da dərinləşdirəcək:

"Ölkədə qiymət siyasətinin normal tənzimlənməsi üçün brutto müqavilə modelinə keçid, nəqliyyat operatorlarına dövlət subsidiyalarının artırılması, ictimai nəqliyyat sisteminin komfort, sürət və qrafik baxımından təkmilləşdirilməsi, yeni avtobusların istehsalı və qiymət siyasətinin müasirləşdirilməsi, dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində investisiyaların artırılması vacibdir. Azərbaycanda yeni elektrik mühərrikli avtobusların istehsalı təqdirəlayiq addım olsa da, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qiymət siyasətini daha mütərəqqi formata keçirməlidir. İctimai nəqliyyat sahəsi böyük investisiya tələb edən bir sahədir və bu sahəni davamlı və dayanıqlı etmək üçün subsidiyaların artırılması vacibdir".

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: