Gənclər arasında da artan XƏRÇƏNG TENDENSİYASI – Statistikalar nəyə İŞARƏ EDİR?

Gənclər arasında da artan XƏRÇƏNG TENDENSİYASI –
Maraqlı 05-10-2024 - 16:17

20, 30 və 40 yaşlarında olan insanlarda süd vəzi, kolorektal və digər xərçəng xəstəliklərinə tutulma halları artmaqdadır.

Nə baş verir? Hansı faktorlar rol oynayır?

Ajans.az xəbər verir ki, son 10 ildə Böyük Britaniya, ABŞ, Fransa, Avstraliya, Kanada, Norveç və Argentina da daxil olmaqla 24 müxtəlif ölkədə 25-49 yaşlılar arasında kolorektal xərçəngin nisbəti artıb. Beynəlxalq Xərçənglə Mübarizə İttifaqının (UICC) 2024-cü ilin sentyabrında Cenevrədə keçirilən konqresində beynəlxalq bir qrup tərəfindən təqdim edilən araşdırmanın ilkin nəticələri maraqlı olduğu qədər də diqqəti cəlb edib. Amerika Xərçəng Cəmiyyətindən (ACS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçənglə Mübarizə üzrə Beynəlxalq Agentliyindən olan tədqiqatçılar tendensiyanı anlamaq üçün 50 ölkədən datalar yığıb. Bu ölkələrin on dördündə artım tendensiyası yalnız gənc insanlarda müşahidə olunub, yaşlı təbəqənin nisbəti sabit qalıb.

Süd vəzi xərçəngi tendensiyanın aydın olduğu xərçəng formalarından biridir. ACS-nin yeni hesabatında məlum olub ki, son on ildə qadınlarda sözügedən xərçəng növündən qaynaqlanan ölüm halları təxminən 10% azalsa da, xəstəliyə tutulma nisbətləri ümumilikdə ildə 1%, 50 yaşdan aşağı qadınlarda isə ildə 1,4% artır. Epidemioloji araşdırmalara əsasən belə görünür ki, bu tendensiya ilk dəfə 1990-cı illərdə başlayıb. Bir araşdırma 1990-2019-cu illər arasında erkən başlayan xərçəngin qlobal hallarının 79% artdığını, gənc insanlarda xərçənglə əlaqəli ölümlərin sayının 29% artdığını sübut edib. The Lancet Public Health-də dərc olunan başqa bir hesabatda ABŞ-da 17 müxtəlif xərçəng növündə, xüsusən Xers və Millennials təbəqəsinin xərçəngə tutulma nisbətlərinin nəsillər arasında davamlı olaraq necə artdığı təsvir edilmişdir.  Araşdırmalara baxmayaraq xərçəngin əvvəlcədən qarşısını almağa dair yollar demək olar ki, yoxdur. Amma yenə də bu sahədə mütəxəssis olan həkimlər sağlam həyat yaşamalı və ən əsası simptomları heç vaxt gözardı etməməli olduğumuzu qeyd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: