Banklarda yüksək faizlə depozit təklifi – BÖYÜK RİSK!

Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib.
Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar
artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər.
Maraqlıdır, bankların xarici valyutalarda təklif etdiyi faiz artımının səbəbləri nələrdir? Banklar sığortalanmamış faizlər təklif edərkən hansı strateji məqsədlər güdür?
Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Ajans.az- a açıqlamasında bildirib ki, bank artıq faiz təklif etməklə daha çox müştəri cəlb etməyə çalışır:
‘’Əvvəlki illərdə milli valyutanın məzənnəsinə etibar daha yüksək olduğuna görə insanlar əmanətlərini milli valyutada saxlayırdılar. Milli valyutada sığortalanan əmanət faiz dərəcəsi isə maksimum 12%-dir.
Hazırda insanlar arasında devalvasiyanın baş verəcəyi ilə bağlı söz-söhbət dolaşır. Bu, hələlik yalnız bir iddiadır, lakin bu ehtimal vətəndaşları narahat edir. Onlar düşünürlər ki, əgər devalvasiya baş verərsə, milli valyutada olan əmanətləri dəyər itirəcək. Buna görə də milli valyutada depozit qoymaqdan çəkinirlər. Digər tərəfdən, xarici valyutada əmanət faizləri daha aşağıdır – hazırda banklarda sığortalanan faiz dərəcəsi 2.5%-dir. Bu səbəbdən xarici valyutada əmanət qoyanların sayı azdır’’.
Eksprt vurğulayıb ki, banklar vətəndaşları cəlb etmək üçün faiz dərəcələrini artırırlar:
‘’Lakin bu halda əmanətlər sığortalanmır. Yəni, bank bağlandığı təqdirdə həmin əmanətlər kompensasiya olunmayacaq. Bu isə vətəndaşlar üçün ciddi risk yaradır. İnsanlar yalnız yüksək qazanc arxasınca gedib bu riskləri gözardı etməməlidirlər.“Bu bank heç vaxt bağlanmaz” düşüncəsi təhlükəli ola bilər. Azərbaycanda ən böyük bankların bağlanma ehtimalı çox aşağıdır, lakin digər banklar istənilən vaxt fəaliyyətini dayandıra bilər. Bəzən bir bank hələ də fəaliyyət göstərdiyi halda birdən bağlanır və sonra məlum olur ki, uzun müddətdir problemli imiş. Vətəndaşlar isə bunu əvvəlcədən bilmirlər.
Bu səbəbdən də ehtiyatlı olmaq, riskləri düzgün dəyərləndirmək və yalnız sığortalanan əmanətlərə üstünlük vermək vacibdir’’.