"Apple" Çində senzura ilə süni intellekt tətbiq edəcək

Amerikanın “Apple” korporasiyası may ayında Çində iPhone üçün süni intellekt (AI) xidmətlərini işə salmaq niyyətindədir.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin mənbələri “Apple” və “Alibaba” arasında sövdələşmənin təfərrüatlarını öyrəniblər - Çində süni intellekt alətlərinin işə salınması ilə bağlı iki tərəf arasında razılaşma fevralın ortalarında məlum olub. İnsayderlər bildiriblər ki, Alibaba Amerika İT nəhənginin əsas tərəfdaşı olacaq, Baidu isə dəstək xidmətləri göstərəcək. Apple Intelligence-in may ayında Çində istifadəyə veriləcəyi gözlənilir.
Məqalədə bildirilir ki, “Apple”ın neyron şəbəkəsi istifadəçiləri yerli qanunvericiliyə uyğun olaraq senzuradan keçən məzmunla təmin edəcək. Süni intellekt yalnız Çində alınmış “iPhone”larda işləyəcək – ölkədən kənarda alınmış, lakin Çinə idxal edilən smartfonlar süni intellekt funksiyalarından məhrum olacaq.
Həmçinin, Apple Intelligence-in Çin versiyası ABŞ- də istifadəyə verilmiş versiyadan əhəmiyyətli dərəcədə fərqli olacaq. ABŞ-də süni intellekt xidmətləri yerli olaraq cihazlarda, şirkətin serverlərində və ChatGPT chatbot vasitəsilə işləyir. Çində sorğular Alibaba-nın proqram təminatı ilə işlənəcək.
Sonda Bloomberg ekspertləri qeyd ediblər ki, Apple öz yeni smartfonlarını yerli istehlakçılar üçün daha cəlbedici etmək üçün Çində süni intellekt xidmətlərini sürətlə işə salmağa çalışır.
Fevralın ortalarında Almaniya hakimiyyəti “Apple” korporasiyasına qarşı antiinhisar prosedurlarına başlayıb. Şirkət illik dövriyyəsinin on faizinə qədər cərimələnə bilər.