Antalyadan Astanaya uçan təyyarə təcili eniş etdi

Türkiyənin “Pegasus” aşağıbüdcəli aviaşirkətinin təyyarəsi Ukrayna və Qazaxıstan vətəndaşları arasında dava səbəbindən Ərzurum hava limanında məcburi eniş edib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Antalyadan Astanaya uçan təyyarədə ukraynalı ər-arvad və Qazaxıstan vətəndaşı olan iki qadın arasında dava başlayıb. Stüardessaların səylərinə baxmayaraq, münaqişəni həll etmək mümkün olmayıb.
"Dava ilə əlaqədar pilot saat 02:00-da Ərzurum hava limanına eniş etməyə məcbur olub", - kanal bildirib.
Hadisədən sonra hava limanına gələn hüquq-mühafizə orqanlarının əməkdaşları dörd sərnişini saxlayaraq polis bölməsinə aparıblar. Davanın səbəbi açıqlanmır.
Hadisə araşdırılarkən digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün dava edən sərnişinlər Ərzurumda saxlanılıb. Hadisədən sonra təyyarə Ərzurum hava limanında təxminən bir saat dayanıb. Təyyarə yanacaqla doldurulduqdan sonra Astanaya yola düşüb və bir neçə saatdan sonra uğurla eniş edib.