Yumurta BAHALAŞACAQ? - AÇIQLAMA

"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkəmizdən Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır".
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin artması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.
Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan "Giləzi Quşçuluq" ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır.
Məsələ ilə bağlı "Ajans.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli söyləyib ki, amerikan sakinlərinin kifayət qədər pulu və yeməyi var:
‘’Bu ixracın səbəbi isə Amerikada yumurtanın qiymətinin bahalaşmasıdır və bizim sahibkarlara da bu bazara yumurta satışı etmək sərf edir. Ancaq əvvəlki dövrlərdə bu vəziyyət sahibkarlara sərf etmirdi. Azərbaycan Amerikaya yumurta ixrac etməsi yaxşı səslənsə də, burada böyük həcmlə ixracdan söz getmir. Azərbaycan broiler şirkətləri gündəlik 4 milyon yumurta istehsal edə bilirlər. Azərbaycanın isə gündəlik yumurta ehtiyacı 3 milyondan çox olmur. Bir milyon artıq yumurta istehsalı gücümüz olduğu üçün, bu vəziyyət yumurta qiymətlərinə təsir etməyəcək. Lakin böyük ticarət yaranarsa və mütəmadi ixrac olsa, qiymətlərdə artım ola bilər’’.