Yeni yol tikintisi: Bakının məşhur bazarı SÖKÜLƏCƏK?

Yeni yol tikintisi:
Gündəm 11-10-2024 - 10:49
 3475

Bu ilin ortalarında bildirilmişdi ki, Bakı şəhərinin perspektiv inkişafı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verir. Bu strateji yol layihəsi şəhər daxilində nəqliyyatın rahatlaşdırılmasını, yol hərəkətinin optimallaşdırılmasını hədəfləyir və paytaxtın tıxac problemini əhəmiyyətli dərəcədə yüngülləşdirməyi məqsəd qoyub.

Layihənin keçəcəyi ərazi Nərimanov rayonunda məşhur “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Məhz bu səbəbdən "Keşlə bazarı"nın sökülməsi ehtimalları geniş müzakirələrə səbəb olub. Hələ ki, bu məlumat rəsmi təsdiqini tapmasa da, bazarın bu böyük yol layihəsi üçün qurban gedə biləcəyi ehtimalı artmaqdadır. Yolun çəkilməsi üçün ərazidə geniş tikinti işlərinin aparılacağı gözlənildiyindən, əhalinin bu məqamla bağlı marağı xüsusilə böyükdür.

"Ajans" xatırladır ki, “Keşlə Bazarı”nın sökülməsi ilə bağlı xəbərlər 2015-ci ildə artıq yayılmışdı. Həmin dövrdə də Həsən Əliyev küçəsini “Koroğlu” metro stansiyası ilə birləşdirəcək avtomobil yolunun çəkilməsi planları gündəmə gəlmişdi. Lakin, bu yol layihəsi o vaxt təxirə salındığı üçün bazarın sökülməsi mövzusu müvəqqəti olaraq dayandırılmışdı. İllər sonra, AAYDA-nın sözügedən avtomobil yolunun tikintisinə start verdiyini açıqlaması ilə "Keşlə bazarı" mövzusu yenidən diqqət mərkəzinə gəldi.

Həsən Əliyev küçəsi ilə Ziya Bünyadov prospektinə paralel salınacaq yol layihəsi şəhərin nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi və tranzit yolların rahatlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Şəhərsalma planlarına uyğun olaraq həyata keçiriləcək bu layihənin nəqliyyat sistemini yaxşılaşdırmaqla yanaşı, bölgədə yaşayan əhali üçün də yeni imkanlar yaradacağı gözlənilir. Lakin, bu irimiqyaslı inkişaf layihəsi "Keşlə bazarı" kimi tarixi əhəmiyyətli obyektlər üçün ciddi dəyişikliklərə səbəb ola bilər.

Məsələ ilə bağlı özəl mənbədən Ajans.az-ın əldə etdiyi məlumata görə, hələki  ərazidə söküləcək obyektlərin tam siyahısı bilnmir, mövcud yolun tiktintisi ilə bağlı profilaktik tədbirlər görülür. Hansı obyektlərin sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiqləşdirmə işləri davam edir.

Yekun olaraq AAYDA-nın yeni yol tikintisi ilə bağlı rəsmi qərarı həyata keçirmək niyyəti paytaxtda müəyyən dəyişiklikləri qaçınılmaz edir. Bu çərçivədə "Keşlə bazarı"nın sökülməsi məsələsi də önəmli müzakirə mövzusu olaraq qalır. Layihənin tam detalları və təsir dairəsi yaxın zamanda aydınlaşacaq.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: