"Türkiyə ilə danışaqlara ümid edirik" - Erməni spiker

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Aralıq dənizi Parlament Assambleyasının 19-cu plenar sessiyasındakı çıxışında Ermənistanın Aralıq dənizi regionu ilə tarixi və mədəni əlaqələrini xüsusi vurğulayıb.
Ajans.az xəbər verir ki, erməni diasporunun regionda köklü tarixə malik olduğunu qeyd edən o, ölkəsinin davamlı inkişaf və regional sabitlik üzrə Aralıq dənizi İttifaqı ilə əməkdaşlıq etdiyini bildirib.
O, Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qurucu üzvlərindən biri kimi regional əməkdaşlığı dəstəklədiyini və bu kontekstdə Aralıq dənizi Parlament Assambleyasında tərəfdaş dövlət kimi iştirak etmək arzusunda olduğunu bildirib.
Simonyan qeyd edib ki, Ermənistan dənizə çıxışı olmayan ölkə kimi sərhədlərinin otuz ildən artıqdır bağlı olması səbəbindən sərbəst hərəkət və nəqliyyat infrastrukturunun vacibliyini güclü hiss edir və regional inteqrasiyanın zəruriliyinə diqqət çəkib. O bildirib ki, geosiyasi böhranlar, tədarük zəncirinin pozulması, ərzaq və yanacağın qiymətlərinin artması, iqlim dəyişikliyi ölkələrin inkişaf perspektivlərini çətinləşdirir.
Bölgədə mövcud təhlükəsizlik problemlərinə toxunan Simonyan daim güc tətbiq etmək təhlükəsinin cəmiyyətlərə mənfi təsir göstərdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistan sabitliyə və tərəqqiyə nail olmaq üçün davamlı sülhə nail olmağı əsas məqsəd kimi görür.
Bu kontekstdə o, Ermənistan hökumətinin hazırladığı “Sülh qovşağı” layihəsinin Cənubi Qafqazda iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi üçün yeni infrastrukturun qurulması və mövcud infrastrukturun təkmilləşdirilməsi məqsədi daşıdığını izah edib.
Bu layihənin onlarla rəqabət aparmaqdansa, digər regional logistika layihələrini tamamlayacağını bildirən Simonyan, nəqliyyat və enerji infrastrukturlarının ölkələrin suveren səlahiyyətləri altında işlədiləcəyini, sərhəd və gömrük nəzarətinin hər bir ölkənin öz orqanları tərəfindən təmin ediləcəyini, bu sistemin qarşılıqlı bərabərlik prinsipləri əsasında qurulacağını bildirib.
Məqsədin Yaxın Şərqdən Qara dənizə qədər fasiləsiz nəqliyyat şəbəkələri yaratmaq olduğunu bildirən Simonyan Ermənistanın regional sülh və sabitliyə töhfə verməkdə qərarlı olduğunu və Türkiyə ilə sərhədlərin açılması ilə bağlı danışıqların müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.
O, Ermənistanın Aralıq dənizi əməkdaşlıq mexanizmlərinin konstruktiv iştirakçısı olmağı qarşısına məqsəd qoyduğunu və ümumi rifah naminə bütün tərəflərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.