Şərq cəbhəsində ŞOK: Ordu göndərilməyəcək, Rusiya ərazilərə GİRİR

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ankaraya rəsmi səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla mühüm danışıqlar aparıb. Bu səfər Ukraynanın gələcəyi və regiondakı geopolitik proseslər baxımından böyük əhəmiyyət kəsb edir.
Zelenskinin Ankara səfərinin əsas məqsədi Rusiya ilə mümkün danışıqlar prosesində Türkiyənin rolunu gücləndirmək və Ukraynanın gələcək quruculuğunda Ankaranı mühüm tərəfdaş kimi görməkdir. Türkiyə uzun müddətdir ki, həm Ukrayna, həm də Rusiya ilə sıx əlaqələr saxlayan və vasitəçilik missiyasını yerinə yetirən nadir ölkələrdən biridir. Bu baxımdan, Zelenski və Ərdoğan arasında keçirilən görüş Ukraynanın siyasi və iqtisadi perspektivlərini müəyyənləşdirmək üçün kritik əhəmiyyət kəsb edir.
Bəs, Zelenskinin Türkiyəyə səfərinin arxasında nə dayanır?
Məsələ ilə bağlı "Atlas Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Elxan Şahinoğlu Ajans.az-a açıqlamasında bildirib ki, Ukrayna Qərbin dəstəyini tam itirməsə də, ABŞ-la münasibətlərdə qeyri-müəyyənlik yaranıb və bu, Zelenskini narahat edir.
"Ukrayna Qərbdən tam üz döndərməyib, lakin ABŞ-la əlaqələrdə müəyyən suallar yaranıb. Zelenski Ağ Evdən gələn dəstəyin azalmasından narahatdır, çünki ABŞ Ukraynaya yardımları məhdudlaşdırmağa başlayıb. Bununla yanaşı, Avropa İttifaqı ilə dialoqlar davam edir və müəyyən maliyyə yardımları göstərilir, lakin hərbi dəstək məsələsində ciddi çətinliklər qalmaqdadır".
Politoloq qeyd edir ki, Avropa İttifaqına çox bel bağlamaq olmaz, çünki Qərb ölkələri Ukraynaya hərbi hissələr göndərməkdən çəkinir. Bu isə Ukraynanın öz müqavimətini gücləndirmək üçün yeni yollar axtarmasını zəruri edir:
"Ukrayna artıq təkbaşına mübarizə aparmaq məcburiyyətində qalır, çünki ABŞ faktiki olaraq müharibəyə aktiv müdaxilə etmək istəmir. Zelenskinin Ankara səfərinin əsas səbəblərindən biri də Türkiyənin Ukrayna üçün mühüm strateji tərəfdaş olmasıdır. Türkiyə müharibənin ilk günlərindən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bu istiqamətdə mühüm addımlar atıb. Ankara Ukraynaya Bayraktar TB2 pilotsuz uçuş aparatları (PUA) verərək hərbi yardım göstərib. Bununla yanaşı, Türkiyə müharibənin dayandırılması üçün vasitəçi rolunda çıxış edib".
Politoloq deyib ki, Zelenski təkcə Türkiyəyə səfər etməklə kifayətlənməyib, o, bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də səfər edib. Bu isə onun çoxşaxəli siyasət yürütmək niyyətində olduğunu göstərir:
"Ukrayna lideri bütün ümidlərini tək bir ölkəyə bağlamır, əksinə, fərqli dövlətlərlə əlaqələri gücləndirməyə çalışır. Müharibənin əvvəlində İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları təşkil olunmuşdu. Türkiyə o zaman da müharibənin başlamasını istəmirdi və indiyə qədər Ukrayna və Rusiya arasında balanslı mövqe sərgiləyir. Ankara bir tərəfdən Ukraynaya dəstək verir, digər tərəfdən isə Rusiya ilə münasibətləri qoruyub saxlayır".
Elxan Şahinoğlunun fikrincə, Ukraynanın qarşısında duran əsas problemlərdən biri də Rusiyanın işğal etdiyi ərazilərin taleyidir. Hazırda Krım faktiki olaraq ilhaq edilib və onun geri qaytarılması son dərəcə çətindir:
"Eyni zamanda, Rusiya Ukraynanın şərqində geniş əraziləri nəzarət altına alıb və bu bölgələrin geri qaytarılması ilə bağlı danışıqların çətin olacağı gözlənilir. Ukrayna Rusiya ilə danışıqlarda ən azı mövcud ərazilərinin təhlükəsizliyinə təminat almağa çalışır. Çünki hətta hər hansı bir sülh sazişi imzalansa belə, Rusiyanın bu sazişi pozmayacağına dair heç bir təminat yoxdur".
Şahinoğlu xatırladır ki, 1994-cü ildə imzalanmış Budapeşt Memorandumu Ukraynanın suverenliyini təmin etməli idi, lakin Rusiya bu sənədə əməl etmədi. 1994-cü ildə Ukrayna Sovet İttifaqından qalan nüvə silahlarından imtina etdi və bunun qarşılığında Rusiya onun ərazi bütövlüyünü tanıyacağını bildirdi. Lakin 2014-cü ildə Krımı ilhaq edərək bu sazişi pozdu və 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başladı. Buna görə də Ukrayna rəhbərliyi Rusiyanın hər hansı razılaşmanı pozacağı ehtimalını da nəzərə alır:
"Hazırda Ukrayna həm Rusiya ilə mübarizəni davam etdirməyə, həm də əlində qalan ərazilərinin təhlükəsizliyini təmin etməyə çalışır. Lakin ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi və Avropa İttifaqının hərbi müdaxilədən çəkinməsi, Ukraynanın uzunmüddətli müqavimət strategiyasını çətinləşdirir".