Sərhədyanı kəndlərimiz haqqında kəşfiyyat məlumatları ötürülür - Bölgədə yeni TƏHLÜKƏ
Son günlər Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Azərbaycanın dövlət sərhədi yaxınlığında yerləşdirilmiş Aİ müşahidəçilərinin fəaliyyətinin intensivləşməsi ciddi suallar doğurur.
Mediada yayılan görüntülərdə Aİ missiyasının üzvlərinin Ermənistan hərbçiləri ilə birlikdə müşahidə cihazlarından istifadə edərək Azərbaycan ərazilərini izlədiyi əks olunub. Bu, bir çoxları tərəfindən Aİ-nin Ermənistandakı mövcudluğunun bəhanə deyil, konkret kəşfiyyat xarakteri daşıdığına işarə kimi qiymətləndirilib.
Məlumata görə, Avropa İttifaqı ölkələrinin səfirləri bu missiyanın mandatını daha iki il uzadaraq 2027-ci ilin fevralın 19-dək Ermənistanda qalmasına qərar veriblər. Aİ müşahidəçilərinin Ermənistan sərhədyanı bölgələrində niyə yerləşdirildiyi və onların əsas məqsədinin nə olduğu barədə suallar isə hələ də açıq qalır.
Bəs Azərbaycanın dövlət sərhədləri yaxınlığında yerləşdirilən bu müşahidəçilərin əsas məqsədi nədir? Onların regiondakı varlığı hansı nəticələrə səbəb ola bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Ajans.az-a açıqlamasında bildirib ki, Aİ-nin Ermənistandakı müşahidəçiləri vizual kəşfiyyat fəaliyyəti ilə məşğuldur:
"Onlar Azərbaycan sərhədi və sərhədyanı kəndlər haqqında kəşfiyyat xarakterli məlumatlar toplayaraq Avropaya və eyni zamanda Ermənistana ötürürlər. Bu isə sülh prosesinə ciddi zərbə vurur. Azərbaycanın əsas tələbi ondan ibarətdir ki, həmin müşahidəçilər sərhədyanı bölgələrimizi tərk etməlidir. Lakin Avropa İttifaqı bu məsələdə qərəzli mövqe nümayiş etdirərək missiyanın mandatını qeyri-qanuni şəkildə uzadıb”.
Deputatın sözlərinə görə, Aİ-nin bu addımı təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaq məqsədi daşıyır. Bununla yanaşı, İran da bu proseslərə reaksiya verməlidir:
"NATO qoşunlarının və onlardan formalaşmış kəşfiyyatçıların bölgəyə cəlb edilməsi təkcə Azərbaycanın deyil, həm də digər regional güclərin maraqlarına ziddir. İran bu məsələyə ciddi reaksiya verməlidir. Əgər İran susursa, deməli burada hansısa gizli razılaşmalardan söhbət gedir."
A.Nağıyev bildirib ki, Aİ son dövrlərdə Gürcüstanda öz siyasətinin iflasa uğramasından və Ukraynada gözlədiyi nəticəni ala bilməməsindən sonra, Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirmək üçün Ermənistandan istifadə edir:
"Axı nə ehtiyac var ki, Ermənistan və Azərbaycan sərhədində Avropa ölkələrindən gətirilmiş kəşfiyyatçılar dayansın? Bu absurd məsələdir. Müşahidə missiyasının varlığı sülh danışıqlarına mane olur. Bundan əlavə, Ermənistanda hərbi nümayəndəlik açmaq niyyəti regionda daha böyük münaqişəyə səbəb ola bilər. Aİ-nin regiondakı fəaliyyəti artıq sadəcə müşahidə missiyası olmamaqla yanaşı, ciddi geosiyasi oyunların bir hissəsinə çevrilib. Bu isə bölgədə yeni gərginlik ocaqlarının yaranmasına yol aça bilər".