Rusiya bölgədən qovuldu, Türkiyə isə... - Bakı üçün müsbət irəliləyiş

“Həm ABŞ, həm Türkiyə, həm də Çin Zəngəzur dəhlizinin açılmasında olduqca maraqlıdır. Bu məsələdə neytrallıq və narazılıq göstərən Rusiya və İran isə ABŞ və Türkiyə vasitəsilə neytrallaşdırılacaqlar”.
Bunu Ajans.az-a açıqlamasında politoloq Amid Əliyev deyib. O bildirib ki, Rusiyanın Qafqazda gedən siyasi proseslərə təsir imkanları və rıçaqları əvvəlki səviyyədə deyil:
“Birincisi ona görə ki, Ukrayna ilə müharibə Rusiya üçün əsas prioritet məsələsidir. Bunun həll edilməsi Rusiyanın gələcək taleyinə və siyasi nüfuzuna təsir edəcək. İkincisi isə Qərb bu münaqişədən istifadə edərək aktiv şəkildə Qafqaza, xüsusilə də Ermənistana nüfuz edə bilib.
Rusiya öz təsirini Aİ mülki missiyası bölgəyə gələndə, Ermənistan açıq şəkildə qərbyönümlü kurs götürəndə, Rusiya sərhədçiləri Zvartnosdan çıxanda və sonda Ermənistan KTMT-də iştirak etməkdən imtina edəndə itirdi.
Yeganə təsir rıçağı Zəngəzur dəhlizinə nəzarət mexanizmi idi ki, Rusiyanın əlində qalmışdı. Bunu da Ermənistan ABŞ-la müttəfiqlik sazişi bağlamaqla neytrallaşdıra bildi”.
Politoloq onu da qeyd edib ki, Rusiyanın sülh prosesində vasitəçi və ya əsas tərəf olması cəhdləri real görünmür:
"Ona görə ki, Azərbaycan dəfələrlə bildirib ki, bu məsələdə vasitəçilərə ehtiyac yoxdur. İkincisi, Ermənistan özü belə Rusiyanın bu prosesdə iştirakına qarşıdır. Üçüncüsü isə Rusiya özü bu proseslərdən kənarda qalması istiqamətində ciddi səhvlərə yol verib. Odur ki, Rusiyanın sülh proseslərinə təsir imkanları azdır.
Növbəti mərhələdə Qafqazda gedən proseslər əsasən ABŞ və Türkiyə arasında müzakirə oluna bilər. Çünki ABŞ da başa düşür ki, Suriya və kürd məsələsinin həllindən sonra bölgədə Türkiyənin nüfuzu olduqca güclənib və istər-istəməz bu məsələlər bölgədə birbaşa Ankara ilə razılaşdırılmalıdır".