Rusdilli məktəblər bağlanır?- Açıqlama

Rusdilli məktəblər bağlanır?-
məktəbli
Cəmiyyət 19-02-2025 - 16:36

Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı kifayət qədərdir. Sanki, valideynlər övladlarının rus dilində təhsili üçün yarışa giriblər, məktəbəhazırlıq və birinci siniflərdə boş yer tapmaq mümkün deyil.

Nəticədə bəzi ibtidai siniflərdə rus bölməsində şagird sayı 45-50-yə çatır. Bu səbəb də valideynlərin qərarına təsir etmir. Hətta, övladını inadla rus bölməsində oxutmaq istəyənlər arasında ümumiyyətlə, rus dilində bir kəlmə bilməyənlər var. Bəzi keçmiş sovet respublikalarında, o cümlədən, Gürcüstan, Ukrayna, Qazaxıstanda, Baltikyanı ölkələrdə orta məktəblərdə rus dili məhdudlaşdırılıb və ya bu dildə təhsildən tamamilə imtina olunub. Bizdə isə nəinki paytaxtda, digər şəhər və rayonlarımızda belə rus dilində danışan əhalinin çəkisi artıb. 2019-cu ilə aid statistikaya görə, Azərbaycanda 130 mindən artıq şagird rus dilində təhsil alır. Bu əvvəlki illərlə müqayisədə təxminən 40 min nəfərlik artım deməkdir.

Sual yaranır. Rus dilində təhsil keyfiyyətli təhsil deməkdir? Rus bölmələrinə marağın hələ də qalmasının əsas səbəbi nədir? Rus dilində təhsil alanların başqa dövlətin təsirinə düşmə ehtimalı varmı? 

Suallarımızı cavablandıran millət vəkili Ceyhun Məmmədov ‘’Ajans.az’’a deyib ki, rus dilində təhsil daha keyfiyyətlidir fikri streotipdir:


‘’Yəni, insanların ağlında bu tərzdə formalaşıb ki, guya, rus dilində təhsil daha effektlidir. Əslində vəziyyət belə deyil. Həm Azərbaycan, həm də rus dilində təhsil səviyyəsi eynidir. Bir sözlə, onlar arasındakı hansısa keyfiyyət fərqindən söhbət gedə bilməz. İndiki dövrdə valideynlər övladlarının xarici dildə oxumasını istəyirlər. Bu da xarici dilin üstünlükləri ilə bağlıdır. Rus dilində təhsil alan şəxslərin başqa dövlətin təsiri altına düşməsinə gəlincə isə bu nüansı əsassız sayıram. Onda belə çıxır ki, İngilis dilində oxuyan ingilisin, ərəb dilində oxuyan ərəbin təsiri altına düşür? Əgər belə bir cəhd varsa, təbii ki, təsir altına düşə bilər. Fikrimcə, biz düzgün, maarifləndirilib, istiqamətləndirməliyik ki, insanlarda yalnış düşüncə formalaşmasın".

''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli isə bildirib ki, indiki dövrdə ölkəmizdə rus dilində təhsilin önəmi azalmağa doğru gedir:


‘’Məsələn, 2000-2005-ci illər arasında müqayisə aparsaq, görərik ki, 340 rus bölməsi olan məktəblərin sayı 300-ə enib. 17 məktəb isə yalnız rus dilində tədrislə məşğuldur. Bu rəqəmlər Azərbaycanda rus bölməsinə marağın azaldığını göstərir. Əlavə olaraq qəbulla bağlı uşaqların gələcəyini fikirləşən valideynlər rus bölməsini seçiblər. Çoxu düşünürdü ki, rus bölməsində az bal toplamaqla ali təhsil müəssisələrinə qəbul ola biləcəklər. Amma son 5 ildə MİQ imtahanlarının nəticələri onu göstərir ki, artıq Azərbaycanda rus bölməsi üzrə müəllim qıtlığı yaşanır. Bu da digər problemlərdən biridir. Ümumiyyətlə, rus dili üzrə müəllimlik həvəsində olan kimsə yoxdur. Bu gedişlə yaxın zamanlarda rus sektorunda oxuyan bir nəfər belə şagird qalmayacaq. Təəssüf ki, bir qrup valideyn Azərbaycan dilində tarix fənni keçirildiyi üçün Elm və Təhsil Nazirliyini məhkəməyə verib. Bununla valideynlər istəyir ki, Azərbaycanda yaşıyıb təhsil alan şagirdlər öz ana dilində bilməsin. Fikrimcə, bütün hallarda xarici dildə danışıb düşünən şəxs az da olsa, başqa dövlətin təsirinə düşə bilər".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: