Paşinyanın planları suya düşdü - "Tək çıxış yolu qaldı"

Paşinyanın planları suya düşdü -
Siyasət 10-03-2025 - 11:49

“Ukrayna savaşı ətrafında baş verənlər birbaşa Cənubi Qafqaza təsir göstərən faktora çevrilməyə başlayıb. Çünki ABŞ və Qərbin Ukraynaya yanaşma tərzi Cənubi Qafqaz ölkələri üçün də ciddi bir mesajdır”.

Bunu Ajans.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, son proseslər ABŞ və Qərb üçün müttəfiq anlayışı olmadığını göstərdi:

“Bayden adminstrasiyası dövründə ABŞ və Qərb Kiyevi sona qədər dəstəkləyəcəyini bəyan edirdi, eyni zamanda Ukrayna ordusunu silah-sursat və hərbi texnika ilə təchiz edirdi. ABŞ faktiki olaraq Rusiya ilə savaşa sövq etdiyi Ukraynanı elə Rusiyanın özünə satmış oldu, üstəlik Ukraynanın bütün təbii sərvətlərini ələ keçirmək niyyətini büruzə verdi. Bu o deməkdir ki, ABŞ və Qərb üçün müttəfiq anlayışı yox, maraq və mənfəət anlayışı mövcuddur”.

Ekspert qeyd edib ki, ABŞ-də hakimiyyət dəyişikliyi İrəvanın planlarını boşa çıxarmış oldu:

“Ermənistan son illərdə böyük israrla Qərbə doğru yönəlmişdi. Siyasəti Qərbə inteqrasiya və ABŞ ilə əməkdaşlıq üzərində qurulmuşdu. Lakin Trampın hakimiyyətə gəlməsi ilə İrəvanın oyunları boşa çıxmış oldu. ABŞ Ermənistanın arxasından çəkilmək üzrədir və bu, təxmin edilirdi.

Bu, Avropa Birliyinin Ermənistanla bağlı mövqeyinə də təsir göstərəcək. Aİ-ni indi öz problemləri maraqlandırır. Bu mənada Ermənistan son illərdə nail olduğu himayədarlıq sistemini itirmək üzrədir. Bu vəziyyətdə Ermənistanın Azərbaycanla sülh imzalayaraq münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu qalmayıb. Üstəlik Ermənistanı Rusiya ilə çox ciddi hesablaşma dövrü gözləyir. İrəvan üçün yol dalana dirənib”.

PAYLAŞ: