Moskvaya kütləvi dron HÜCUMU
İyulun 28-nə keçən gecə Moskva və Moskva vilayəti son dövrlərin ən iri pilotsuz uçuş aparatı (PUA) hücumlarından birinə məruz qalıb. Rusiya hakimiyyətinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 81 dronu məhv edib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, təcili yardım və xüsusi xidmət orqanları dron qalıqlarının düşdüyü ərazilərdə işləyirlər.
Hücum təhlükəsi ilə əlaqədar Moskva hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Domodedovo hava limanı müvəqqəti olaraq uçuşları dayandırıb, Vnukovo və Jukovski hava limanları isə məhdud rejimdə fəaliyyət göstərib.
Moskva vilayətində dron təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib. Rusiya Fövqəladə Hallar Nazirliyi sakinlərə pəncərələrdən uzaq durmağı, sığınacaqlarda qalmağı, açıq havada olanlara isə yaxınlıqdakı binalarda, yeraltı keçidlərdə və ya digər təhlükəsiz yerlərdə gizlənməyi tövsiyə edib.
Sonradan Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Çexovdakı Təkrar Emal Edilmiş Rezin Zavodunda baş verən yanğının dronun düşməsi nəticəsində yarandığını təsdiqləyib. Onun sözlərinə görə, onlarla PUA Domodedovo, Podolsk, Ramenskoye, Kolomna və Moskva vilayətinin digər rayonları üzərində vurulub.
Qubernator həmçinin bildirib ki, dronlardan biri Çexov şəhərində çoxmənzilli yaşayış binasına da zərbə endirib. Hazırda hadisə yerində operativ xidmətlər çalışır, mümkün zərər və itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Bundan başqa, monitorinq kanalları hücumun mümkün hədəflərindən birinin Moskva vilayətinin Koledino sənaye parkında yerləşən Wildberries anbarı olduğunu iddia edir. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.