Bu ölkədə güclü yanğınlar: ÖLƏNLƏR VAR
Əlcəzairdə bir həftədən çoxdur davam edən genişmiqyaslı meşə yanğınları insan tələfatına və ciddi dağıntılara səbəb olub. Ölkənin əsasən şimal və şimal-şərq bölgələrini əhatə edən yanğınlar nəticəsində azı altı nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Əlcəzairin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü bildirib ki, son 24 saat ərzində yanğınlardan zərər çəkmiş şimal-şərq bölgələrindən 100-dən çox sakin xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətinin stabil olduğu qeyd edilib.
Mülki müdafiə qüvvələrinin məlumatına görə, son günlər ölkənin şimal bölgələrində 1500-dən çox yanğın qeydə alınıb. Alov nəticəsində meşələr, xurma bağları və əkin sahələri məhv olub. Bundan başqa, 150-dən çox yaşayış evinə ziyan dəyib. Təhlükəsizlik məqsədilə həmin ərazilərin sakinləri vaxtında təxliyə olunublar.
Əlcəzairin şimal bölgələri, xüsusilə sahilyanı ərazilər bir həftədən artıqdır alovların cəngindədir. Güclü külək və anomal isti hava şəraiti yanğınların söndürülməsini çətinləşdirir. Hazırda bölgədə havanın temperaturu gündüz saatlarında 35 dərəcə Selsidən yuxarı qalxır.