Bu ölkədə güclü daşqınlar: Sakinlər TƏXLİYƏ EDİLİB
Çinin şimal-şərqində yerləşən Liaoning əyalətində güclü yağışlar və daşqın təhlükəsi səbəbindən 171 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.
Ajans.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Bildirilib ki, riskli ərazilərdən əhalinin köçürülməsi prosesi davam edir. Bəzi bölgələrdə yağıntının intensivliyi saatda 74,4 millimetrə çatıb. Ayrı-ayrı ərazilərdə isə təxminən 12 saat ərzində 186 millimetrədək yağıntı qeydə alınıb.
Məlumata görə, güclü yağışlar səbəbindən Liaoning və qonşu Jilin əyalətlərində daşqın riski ciddi şəkildə artıb.
Qeyd edək ki, daha əvvəl hər iki əyalətdə gözlənilən daşqınlarla əlaqədar qırmızı – ən yüksək səviyyəli hava xəbərdarlığı elan edilmişdi. Meteoroloqlar bölgənin bir sıra əsas çaylarında su səviyyəsinin və axınının sürətlə yüksəldiyini bildirirlər.