Bu ölkənin Prezidenti vəzifədən uzaqlaşdırılmasına imkan verən düzəlişi rədd etdi
Macarıstan Prezidenti Tamaş Şuyok hökumətin təşəbbüsü ilə hazırlanaraq parlament tərəfindən qəbul edilmiş, onun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan Konstitusiyaya 17-ci düzəlişi imzalamaqdan imtina edib.
Ajans.az xəbər verir ki, dövlət başçısının iqamətgahı olan Şandor Sarayının mətbuat xidmətinin yaydığı məlumata görə, Şuyok sənədin hüququn aliliyi, demokratiya və hakimiyyət bölgüsü prinsiplərinə zidd olduğunu hesab edir.
Bəyanatda bildirilir ki, fəaliyyət göstərən prezidentin sırf siyasi səbəblərlə vəzifədən uzaqlaşdırılması Avropa üçün presedentsiz haldır. Həmçinin vurğulanır ki, düzəliş konkret bir şəxsə yönəlib və bu, prezident institutunun müstəqilliyini təmin edən konstitusion təminatların pozulması deməkdir.
Məlumata görə, qanun layihəsinin parlamentdə yenidən təsdiqlənəcəyi gözlənilir. Çünki qanunverici orqanda çoxluq Baş nazir Peter Magyarın rəhbərlik etdiyi Tisza Partiyasına məxsusdur.
Tamaş Şuyok daha əvvəl də bu qanun layihəsini imzalamayacağını bildirmişdi. O, sənədi yenidən baxılması üçün parlamentə qaytara və ya məsələ ilə bağlı qərar verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Bununla belə, parlament səs çoxluğu ilə prezidentin vetosunu aradan qaldırmaq səlahiyyətinə malikdir.