Venesuela zəlzələsində ölənlərin sayı 3811-ə çatıb
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3811 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodriges dövlət televiziyası Venezolana de Televisión-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 17 907 nəfər evsiz qalıb. Bundan başqa, 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi zədələnib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Ümumilikdə 27 398 nəfər xəstəxana və digər tibb müəssisələrində müalicə alıb. Həmçinin 86 794 ailəyə humanitar yardım göstərilib, zərərçəkənlərə 9603 ton ərzaq paylanıb.
Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü yeraltı təkan qeydə alınıb. Təkanların episentri Yarakuy əyalətində bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Fəlakətdən sonra bölgədə 1000-dən çox afterşok qeydə alınıb.