BƏƏ ABŞ və İsrail üçün gizli hərbi infrastruktur inşa edir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Somalilandın Berbera şəhəri yaxınlığında hərbi infrastrukturun tikintisini davam etdirir.
Ajans.az xəbər verir ki, bu barədə Le Monde nəşri məlumat verib.
Obyekt gələcəkdə ABŞ və İsrailin də istifadə edə biləcəyi birgə hərbi baza kimi nəzərdə tutulur.
Nəşrin məlumatına əsasən, hava limanı ərazisində aparılan tikinti işləri zamanı geniş qazıntılar həyata keçirilir. Peyk görüntülərində sursat və yanacaq anbarı kimi istifadə oluna biləcəyi ehtimal edilən yeraltı obyektlərin inşası da müşahidə olunur.
Le Monde yazır ki, tikintinin aktiv mərhələsi İsrailin 2025-ci ilin dekabrında Somalilandın müstəqilliyini tanımasından sonra başlayıb. Nəşrin müəllifləri hesab edirlər ki, bu addım İsrailin İranın dəstəklədiyi husilərin fəaliyyət göstərdiyi Yəmən sahilləri yaxınlığında, Ədən körfəzi bölgəsində strateji mövqeyini gücləndirmək məqsədi daşıya bilər.
Məlumata görə, layihə BƏƏ ilə Somaliland arasında 2017-ci ildə imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Le Mondeun mənbələri iddia edir ki, obyekt ABŞ və İsrailin maraqları nəzərə alınaraq inşa edilir. Bununla belə, tərəflər belə üçtərəfli əməkdaşlığın mövcudluğunu rəsmi şəkildə təsdiqləməyiblər.
Nəşr həmçinin bildirir ki, İsrailin hərbi nümayəndələri artıq Berberaya səfər ediblər, ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) nümayəndə heyətləri isə obyektdə mütəmadi yoxlamalar aparırlar.
Mənbələrin sözlərinə görə, Vaşinqton Berberanı ABŞ qüvvələrinin husilərə qarşı əməliyyatlar aparmaq imkanlarının məhdud olduğu Cibutidəki bazaya alternativ variant kimi nəzərdən keçirir.
Qeyd olunur ki, Berbera limanı və hava limanı Qırmızı dənizin girişində, qlobal dəniz ticarətinin əsas marşrutlarından biri olan Bab əl-Məndəb boğazının yaxınlığında yerləşdiyi üçün mühüm strateji əhəmiyyət daşıyır.