Azərbaycandan Ermənistana elektrik kabeli: Regionun enerji xəritəsi dəyişə bilər
Azərbaycandan Ermənistana elektrik kabeli çəkilməsi təşəbbüsü regionun enerji və kommunikasiya sisteminin yenidən qurulması ilə əlaqələndirilir.
Politoloq Əziz Əlibəyli Ajans.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına töhfə verə biləcək addımlardan biridir.
Ekspert bildirib ki, iki ölkə arasında münasibətlər yalnız bu layihə üzərində qurulmur:
“Azərbaycan-Ermənistan münasibətləri təkcə həmin kabel üzərindən inkişaf etmir. Bu, sadəcə, münasibətlərin inkişaf mərhələlərindən biridir. Avropa İttifaqı Azərbaycan və Ermənistanın bir-birinə daha sıx şəkildə bağlanmasında maraqlıdır. Avropa İttifaqının bu təşəbbüsə müsbət yanaşması ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Qafqazın güclü olması Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu mənada Aİ həm regionda Rusiya və İranın təsirini azaltmaq, həm də Cənubi Qafqazda daha çox söz sahibi olmaq niyyətindədir.”
Ə.Əlibəyli qeyd edib ki, layihə regionun enerji və kommunikasiya infrastrukturuna da ciddi təsir göstərə bilər:
“Layihə Cənubi Qafqazın enerji strukturuna birbaşa təsir göstərir. Unutmaq olmaz ki, Zəngəzur dəhlizi işə düşərsə, neft və qaz kəmərlərinin, enerji xətlərinin, internet və fiber-optik kommunikasiya xətlərinin də həmin dəhlizdən keçməsi nəzərdə tutulur.
Ekspertin fikrincə, layihənin həyata keçirilməsi qarşısında əsas maneələr siyasi amillərdir:
“Bölgədə toqquşma ehtimalı hələ də yüksək olaraq qalır. Rusiya Ermənistanla bağlı verdiyi açıqlamalarda sərt mövqe nümayiş etdirir. Həmçinin Ermənistan ərazisindən keçəcək kommunikasiya xətləri üzərində Rusiya sərhəd qüvvələrinin müəyyən nəzarəti mövcuddur. Bundan başqa, SSRİ dövründə həmin dəmir yollarının Rusiyanın mülkiyyətində olması ilə bağlı səsləndirilən iddialar da prosesə təsir göstərən amillərdəndir.”
Siyasi şərhçi hesab edir ki, layihəni yalnız iqtisadi və ya yalnız siyasi aspektdən qiymətləndirmək doğru deyil:
“Bu məsələyə təhlükəsizlik paradiqması çərçivəsində baxmaq lazımdır. Avropa üçün enerji təhlükəsizliyi Rusiya-Ukrayna müharibəsindən sonra prioritetə çevrilib. Azərbaycan üçün isə müharibədən sonra dayanıqlı sülh vacibdir. Sülh investisiya və iqtisadi dividendlər gətirir. Ona görə də bu proseslərə kompleks şəkildə yanaşmaq lazımdır.”
Ə.Əlibəyli əlavə edib ki, Ermənistanın təşəbbüsə müsbət yanaşması sülh prosesinin sürətlənməsinə xidmət edə bilər:
“Ermənistanın bu təklifi qəbul etməsi əməkdaşlıq imkanlarını genişləndirə bilər. Paşinyanın seçkilərdə qalib gəlməsi də bu baxımdan müəyyən siyasi zəmin yaradıb. İndi Ermənistan həm daxildə, o cümlədən Konstitusiyaya dəyişikliklər istiqamətində addımlar atmalı, həm də sülh prosesinə tam hazır olmalıdır.”
Mələksəda Ziyad