Məlumata görə, tanker may ayında Fransa tərəfindən saxlanılıb. İstintaqın versiyasına əsasən, Tagor Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədilə Rusiya neftinin daşınmasında istifadə olunan və "kölgə donanması" adlandırılan gəmilər şəbəkəsinin tərkib hissəsidir.
Brest prokuroru Stefan Kvellenberger bildirib ki, prokurorluqla əldə olunan razılaşmaya əsasən, cərimənin ödənilməsindən sonra tankerin Fransa ərazi sularını tərk etməsinə icazə veriləcək.
Prokurorluğun məlumatına görə, cərimə gəminin etibarlı milli bayraq olmadan üzməsi və Fransa hakimiyyətinin tələblərinə əməl etməməsi ilə əlaqədardır.
Marşal Adalarında qeydiyyatdan keçmiş gəminin sahibi məhkəmədə təqsirini etiraf edib. İşə Brest məhkəməsində sadələşdirilmiş prosedur əsasında baxılıb.
Prokurorun sözlərinə görə, gəmi sahibi tanker üçün ən qısa müddətdə yeni və qanuni qeydiyyat bayrağı əldə etməyi öhdəsinə götürüb.
ABŞ və Avropa İttifaqının sanksiyalar siyahısında olan Tagor son illərdə Madaqaskar, Marşal Adaları və Panama bayraqları altında fəaliyyət göstərərək qeydiyyatını bir neçə dəfə dəyişib.
Bu, 2025-ci ilin sentyabrından bəri Fransa tərəfindən saxlanılan Moskva ilə əlaqəli dördüncü tanker olub. Bundan əvvəl Deliver adlı tanker Siciliya sahillərində saxlanılıb və hazırda Fransanın cənub-şərqində nəzarət altında saxlanılır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələri Rusiyanın sanksiyalardan yayınaraq neft ixracında istifadə etdiyi iddia olunan yüzlərlə gəmiyə məhdudiyyətlər tətbiq edib. Kreml isə bu cür saxlamaları daha əvvəl "beynəlxalq piratçılıq" kimi qiymətləndirib.