Reklam resmi
Reklam resmi

ABŞ-də 16 uşağı illərlə əsir saxlayan ailə HƏBS EDİLDİ

Dünya

ABŞ-nin Ohayo ştatında bir ailənin dörd üzvü 16 uşağı uzun illər antisanitar şəraitdə saxladıqları və onların həyatını təhlükə altına qoyduqları iddiası ilə həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə The Guardian yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, valideynlər və uşaqların nənə-babası təxminən dörd il ərzində 18 aydan 18 yaşadək olan 16 uşağı xarabalıq vəziyyətindəki kənd evində bir otaqda saxlayıblar. Bildirilir ki, uşaqlar vaxtlarının böyük hissəsini insan tullantıları ilə dolu, ağır antisanitar şəraitdə keçiriblər. Onlardan bəzilərinin danışmaq qabiliyyəti belə formalaşmayıb.

Uşaqlar hüquq-mühafizə orqanlarının başqa bir cinayət işi üzrə apardıqları axtarış zamanı Hamden kəndindəki evdə aşkar edilərək xilas olunublar.

Hadisədən sonra yeddi uşaq xəstəxanaya yerləşdirilib, onlardan ikisi helikopterlə travma mərkəzlərinə aparılıb. Bir uşağın vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Qari Sayders kiçik, Qari Sayders böyük, Kristina Sayders və Elizabet Sayders uşaqların həyatını və rifahını təhlükə altına qoyan ikinci dərəcəli ağır cinayətdə ittiham olunublar. İstintaq hadisəni məişət zorakılığı faktı kimi qiymətləndirir və iş üzrə insan alveri əlamətlərinin müəyyən edilmədiyini bildirib.

Məhkəmə hər dörd təqsirləndirilən şəxs üçün 300 min dollar məbləğində girov təyin edib.

İstintaq zamanı müəyyən olunub ki, ailə son 20 ildən artıq müddətdə Ohayo ştatının cənub rayonlarında yaşayış yerini dəyişərək köçüb, lakin uşaqlar nə təhsil, nə də səhiyyə sistemində qeydiyyata alınıb. Onlar məktəbə getməyib və ailədən kənar heç kəs onların mövcudluğundan xəbərdar olmayıb.

Hazırda yerli hakimiyyət orqanları xilas edilən bütün uşaqlar üçün müvəqqəti qəyyumların müəyyənləşdirilməsi istiqamətində iş aparır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ohayo ştatı The Guardian

Digər Xəbərlər