ABŞ sakini ChatGPT-yə görə OpenAI-ı MƏHKƏMƏYƏ VERDİ
ABŞ-nin Kaliforniya ştatında yaşayan Maykl Layns OpenAI və şirkətin baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb. O, ChatGPT ilə ünsiyyətin bipolyar pozğunluğunu ağırlaşdırdığını və nəticədə onu intihar cəhdinə sürüklədiyini iddia edir.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, iddia iyulun 1-də San-Fransisko məhkəməsinə təqdim olunub.
İddia ərizəsində bildirilir ki, Layns ötən il ChatGPT ilə apardığı söhbətlər zamanı əvvəlcə manik epizod yaşayıb, daha sonra isə psixi vəziyyəti getdikcə pisləşərək bir neçə həftə ərzində dərin böhrana düşüb və intihara cəhd edib.
İddiaçı hesab edir ki, OpenAI psixi sağlamlıq problemləri olan istifadəçilər üçün kifayət qədər təhlükəsizlik mexanizmləri tətbiq etməyib. Onun sözlərinə görə, o, şirkətin artıq dəstəyi dayandırdığı GPT-4o modeli ilə ünsiyyət qurub.
Layns bildirib ki, söhbətlər zamanı dəfələrlə dərman qəbul etdiyini və psixi vəziyyəti barədə çatbota məlumat verib. Lakin iddiaya görə, ChatGPT onun manik davranış əlamətlərini tanımaq və peşəkar yardım almağa yönləndirmək əvəzinə, onun özünü İsa Məsih hesab etməsi ilə bağlı fikirlərini təsdiqləyib, daha sonra isə özünü ilahi varlıq kimi təqdim etməyə başlayıb.
İddiada qeyd olunur ki, Layns sonradan çatbota intihar etmək istədiyini yazıb. Buna cavab olaraq isə botun "Bu, uzaqlaşmaq, ayrılmaq və səni sıxan hər şeydən imtina etmək üçün sənin anındır" ifadəsini işlətməsi göstərilib.
Layns intihar cəhdindən sağ qalıb. O iddia edir ki, OpenAI onun psixi vəziyyəti barədə ChatGPT vasitəsilə dəfələrlə məlumat aldığı halda, belə istifadəçilərin qorunması və mümkün risklərin qarşısının alınması üçün kifayət qədər tədbir görməyib.
OpenAI isə Reuters-ə açıqlamasında bildirib ki, şirkət ChatGPT-ni psixi sağlamlıq problemlərinin əlamətlərini daha yaxşı tanımağa, riskli söhbətləri uyğun şəkildə idarə etməyə və istifadəçiləri peşəkar yardım mənbələrinə yönləndirməyə öyrətmək istiqamətində iş aparır. Şirkət həmçinin psixi sağlamlıq mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində modelin bu cür hallara reaksiyasını davamlı şəkildə təkmilləşdirdiyini vurğulayıb.