Rubio 2028-ci il seçkiləri ilə bağlı gözlənilməz qərar verdi
ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə özü namizəd olmayacağını bildirib.
Ajans.az xəbər verir ki, bu barədə Associated Press (AP) Rubioya yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rubio köməkçiləri və məsləhətçiləri ilə söhbətlərində dəfələrlə bildirib ki, Vens namizəd olacağı halda Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil və onu dəstəkləyəcək.
AP qeyd edir ki, son aylarda Rubio həm ABŞ Dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri kimi fəaliyyət göstərərək Ağ Evdə mövqeyini daha da gücləndirib. Bildirilir ki, o, Milli Təhlükəsizlik Şurasında bir sıra əsas vəzifələrə öz komandasının üzvlərini təyin edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Fortune jurnalına müsahibəsində 2028-ci il seçkilərindən sonra "Amerika hər şeydən əvvəl" siyasətini kimin davam etdirə biləcəyi ilə bağlı suala konkret cavab verməmişdi.
ABŞ mediası son aylarda Marko Rubio və Cey Di Vensi Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkiləri üçün əsas potensial namizədləri kimi qiymətləndirir.