Nazirə qəti tapşırıq verilib – Təcili qənaət rejiminə keçilir
![Nazirə qəti tapşırıq verilib –](https://ajans.az/uploads/images/202502/image_940x_67ab7a14afe9c.webp)
7 ildir vətəndaşların “gözümçıxdıya” saldığı, tənqidlərdə “boğulan”, bir o qədər də ortaya qoyulan ciddi işlərlə yadda qalan nazir…Söhbət ötən həftə Samir Şərifovun yerinə gətirilən, yeni maliyyə naziri Sahil Babayevdən gedir. Ona ümidlər də böyükdür, şübhələr də çoxdur. Xüsusilə, Maliyyə Nazirliyindəki “qara kassalar”, gizli sızmalar əsas müzakirə obyektlərindən biridir. Yəni doğurdanmı, uzun müddət narazılıqlarla qarşılaşan S.Babayev əslində kifayət qədər nəhəng olan problemlərin öhdəsindən gələcək?
Düzdür, Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu müddətdə “qənaət rejiminə” keçməsi əhalinin xüsusilə də həssas təbəqəsində narazılıq yaradıb. Lakin iddia edilir ki, bu dövrdə sosial müavinətlər, pensiyalar və digər sosial ödənişlər sahəsində bəzi dəyişikliklər və islahatlar həyata keçirilib. Sahil Babayev çıxışlarında bildirib ki, bu islahatlar çərçivəsində sosial yardımların səmərəliliyinin artırılması, müavinətlərin daha ədalətli şəkildə paylanması məqsədilə bəzi sahələrdə yenidən qiymətləndirmələr və qənaət tədbirləri tətbiq edilib.
Bəs indi necə? S.Babayev Maliyyə Nazirliyindəki “havayı pulları” da kəsə biləcəkmi?
Ajans.az Global.az-a istinadən xəbər verir ki, deputat Azər Badamov deyib ki, Sahil Babayev sosial-iqtisadi sahədə böyük təcrübəyə malik mütəxəssisdir:
“O, fəaliyyət göstərdiyi bütün təşkilatlarda yeniliklər etməklə şəffaflığın artmasına töhfə verib. O cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi fəaliyyət göstərdiyi dövrdə bu sektorun fəaliyyətinin şəffaflaşdırılması üçün müasir innovasiyaların tətbiqini genişləndirib. Belə ki, DOST mərkəzlərinin xidmətlərindən istifadə etmək istiqamətində vətəndaşların məmnunluğu 99%-ə çatıb. Bu baxımdan hesab edirəm ki, Sahil Babayevin Maliyyə Nazirliyinə rəhbər təyin olunması ölkənin maliyyə sisteminə də yeniliklər gətirəcək və daha səmərəli fəaliyyət təqdim olunacaq”.
İqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli Globalinfo-ya bildirib ki, Azərbaycanda bundan öncə də müxtəlif nazirliklərin rəhbərləri dəyişdirilib:
“Amma bunun keyfiyyət dəyişikliklərinə səbəb olduğunu demək çətindir. Yəni əsas məsələ təkcə rəhbər şəxslərin kim olmasından ibarət deyil. Qoyulan vəzifə, həmin vəzifənin şəffaf şəkildə yerinə yetirilib-yetirilməməsi önəmlidir. Burada sistemin, qaydaların dəyişdirilib-dəyişdirilməməsindən söhbət gedir. Ola bilər ki, indi Azərbaycanda qənaət rejiminə keçidlə bağlı bir qərar olsun. Sahil Babayevin əsas vəzifələrindən biri də bu qənaətin həyata keçirilməsi yolunda atılan addımlardan ibarət ola bilər. Bunu kənara qoymaq olmaz. Mümkündür ki, belə bir tapşırıq var. Sadəcə indidən bu barədə fikir söyləmək çətindir. Bir müddət keçəndən sonra Sahil Babayevin görəcəyi işlərə baxıb hansısa formada qiymət vermək olar”.
İqtisadçı Pərviz Heydərov isə qeyd edib ki, Sahil Babayev 2018-ci ildə, əvvəlki postuna gətirilməmişdən əvvəl Prezident İlham Əliyev sosial istiqamətdə böyük islahatlara başlanacağı haqda artıq anons vermişdi və bu, belə də oldu:
“2019-cu ildən ölkədə sayca 300-dən artıq vergi dəyişikliklərin qüvvəyə minməsi ilə ilk sosial paketin icrasına start verildi. Həmin ildən bəri, bu il də daxil olmaqla, beş sosial paket həyata keçirilib. Nəticədə minimum əməkhaqqı ötən dövr ərzində 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək, keçən ilədək isə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Dövlət büdcəsində sosialyönümlü xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə yüksələrək bu il də daxil, 16,9 milyarda çatıb. Yeri gəlmişkən, minimum əməkhaqqının artırıldığı illər sırasına nəzər salsaq, 2019-cu ilin xüsusən seçildiyini görərik. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı. Bununla da sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisini keçmiş oldu. Hansı ki, hökumət neçə illərdir, məhz buna nail olmağa çalışırdı. Artıq, beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksəkdə təşkil etməklə əvvəlki dövrdən fərqli olaraq daha böyük mahiyyət kəsb edir”.
Ekspert bildirib ki, bütün bunlara Sahil Babayev məhz dövlət başçısının ona verdiyi tapşırıqlar və səlahiyyətlər əsasında nail oldu:
“Sahil Babayev böyük qətiyyət göstərdi – minlərlə saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası, digər ödənişlər alan vətəndaşlar bu “hüquqlarından” məhrum edildilər və onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq və qərəzsiz imtiyazların əldə olunması imkanları və mexanizmləri dəyişdirildi, yəni şəffaflaşdırıldı. Sözügedən bu addımların atılması nəticəsində də əlavə milyonlarla vəsait əldə olundu, qənaət təmin edildi. Ona görə də yuxarıda sadalanan artımlara da getmək mümkün oldu. Odur ki, Sahil Babayevin maliyyə naziri postuna gətirilməsi təsadüfi olmadı. Çünki oxşar islahatlara bu dəfə ölkənin bütün maliyyə sferasında daha çox ehtiyac var. O baxımdan ki, neft-qaz sektorundan gəlirlər getdikcə azalmaqda olduğundan ümumən dövlət büdcəsi vəsaitlərinə qənaətə ciddi ehtiyac yaranır. Sosial sferada olduğu kimi iqtisadi sferada da dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi, mənimsəmə, əsassız xərcləmələr var. Hesab edirəm, prezidentin tapşırıqlarına uyğun olaraq Sahil Babayev bu istiqamətdə də böyük dəyişikliklərə nail olacaq”.