Milli komandamızın 6-0 məğlub olduğu oyunda şərhçinin sözləri GÜNDƏM OLDU - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığması ağır məğlubiyyət alıb. C Liqasının I qrupunun son oyununda İsveçə qarşı keçirilən matçda yığmamız 0:6 hesabı ilə uduzub.
Ajans.az-ın verdiyi xəbərə görə, "Stroberri Arena"da baş tutan oyunda İsveçdən Kulusevski dubl (10, 57), Dyekereş isə poker (26, 37, 58, 70) müəllifi olub.
Matç zamanı canlı yayımda Azərbaycan yığmasının 6-0 məğlub olduğu oyunu şərh edən Şəmsəddin Abbasovun sözləri gündəm olub.
“Xaiş edirəm, uşaqlarımızı futbola verək, uşaqlarımızın futbol oynamağına şərait yaradaq. Uşaqların futbol oyanaması üçün nəzərdə tutulan meydanlarda maşınları park edib saatlarla saxlamayaq. Qoyun onlar oynasınlar. Bizə futbolçular lazımdır. Biz güclü xalqıq. Biz güclülərlə oynamalıyıq, onlara qalib gəlməliyik”.
Sosial media istifadəçilərinin demək olar ki, hamısı şərhçinin fikirlərinin haqlı olduğunu bildirərək bu vəziyyətin Azərbaycan futbolunun ümumi problemindən qaynaqlandığını vurğulayıb.
Hazırda bu məsələ həm futbol ictimaiyyəti, həm də azarkeşlər arasında geniş müzakirə olunur.