Məşhur şirkətin baş direktoru istefa verdi - SƏBƏB
Intel şirkətinin baş direktoru Pat Gelsinger istefa verib.
Ajans.az xəbər verir ki, o, 1979-cu ildən Intel-də işləyir. Gelsinger 2021-ci ilin fevralında baş direktor vəzifəsini tutub.
“Bloomberg”in məlumatına görə, Gelsinger direktorlar şurasının qərarı ilə istefa verməyə məcbur olub. Onunla Intel-in idarə heyəti arasında keçən həftə kulminasiya nöqtəsinə çatan münaqişə baş verib. Mənbələrin agentliyə verdiyi məlumata görə, o zaman Gelsinger Intel-in bazar payını bərpa etmək və NVIDIA ilə fərqi aradan qaldırmaq naminə davam edən səyləri müzakirə etmək üçün idarə heyəti ilə görüşüb.
Onların fikrincə, Gelsingerə ya təkbaşına istefa vermək, ya da vəzifədən kənarlaşdırılmaq seçimi verilib, o, birincini seçib.
Gelsinger Intel-in bərpa proqramının bir hissəsi kimi çip istehsalını genişləndirmək və yeni istehsal müəssisələri tikmək niyyətində idi. Lakin onun dövründə şirkətin məhsulları rəqabət qabiliyyətini itirib. Direktorlar şurası hesab edib ki, bu, Gelsingerin Intel-i konkret şirkətlər üçün xüsusi çip istehsalçısına çevirmək istəyi səbəbindən baş verib.
Intel-in digər problemi süni intellektə əsaslanan məlumatların emal texnologiyasıdır. Nəşr qeyd edir ki, bu sahədə NVIDIA üstünlük təşkil edir. NVIDIA 3,4 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən dəyərli şirkəti olmasına baxmayaraq, Intel geniş miqyasda yeni məhsullarla bazara girə bilmir.
İntel şirkətinin vitse-prezidenti və maliyyə direktoru David Zinsner və Intel Məhsullarının rəhbəri Mişel Conston Holthaus müvəqqəti icraçı direktor vəzifəsini icra edəcəklər.
Həmçinin Intel-in direktorlar şurasının müvəqqəti icraçı sədri idarə heyətinin müstəqil sədri vəzifəsini icra edən Frenk Yeary olacaq.