İstifadəçilər Narazıdır – İnternet Niyə Yavaşlayır?

Son dövrlərdə internetin qiymətinin artmasına baxmayaraq, sürətin aşağı olması istifadəçilərin narazılığına səbəb olur.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Ajans.az-a bildirib ki, bu problemin bir neçə əsas səbəbi var:
‘’İlk növbədə, internet xidmətinin keyfiyyəti mövcud infrastrukturdan asılıdır. Əgər provayderlər hələ də köhnəlmiş mis naqillər və ADSL texnologiyasından istifadə edirsə, bu, aşağı sürət və qeyri-sabit bağlantıya səbəb olur. Fiber-optik texnologiyanın geniş yayılmaması və modernizasiya işlərinin gecikməsi də problemi daha da dərinləşdirir.
Bundan əlavə, son illərdə internetdən istifadə sürətlə artıb. Onlayn video platformalar, bulud əsaslı xidmətlər, oyunlar və video konfrans sistemləri daha çox trafik tələb edir. Əgər provayderlər şəbəkə tutumunu genişləndirməsə, bu, sürətin azalmasına və gecikmələrin artmasına səbəb olur. Xüsusilə pik saatlarda, yəni günün müəyyən vaxtlarında internetin zəifləməsi bu səbəbdən baş verir.
Digər mühüm amil beynəlxalq trafik kanallarının yüklənməsidir. Yerli provayderlər beynəlxalq internet trafikini xarici operatorlardan alır. Əgər bu kanallar genişləndirilməsə, sürət azalır. Bəzi provayderlər isə daxili şəbəkə resurslarını qeyri-bərabər bölüşdürərək bəzi istifadəçilərə daha aşağı sürət təqdim edirlər.
İnternetin bahalaşmasının əsas səbəbi əməliyyat xərclərinin artması olsa da, bazarda rəqabətin az olması da mühüm amillərdən biridir. Rəqabətin yüksək olduğu ölkələrdə provayderlər müştəriləri itirməmək üçün həm sürəti artırır, həm də qiymətləri uyğunlaşdırır.
Mobil internet istifadəçiləri üçün də vəziyyət fərqlidir. 4G və 5G texnologiyalarının ölkə üzrə qeyri-bərabər yayılması bəzi bölgələrdə zəif internetə səbəb olur. Mobil operatorların baza stansiyalarının yüklənməsi və genişləndirilməməsi də bu problemin əsas faktorlarından biridir’’.
Ekspert vurğulayıb ki, internetin sürətinin aşağı olmasının digər səbəbi də router və daxili şəbəkə problemləridir:
‘’Köhnəlmiş və zəif gücə malik routerlər, düzgün olmayan Wi-Fi quraşdırması və digər daxili şəbəkə məsələləri də istifadəçilərin internet keyfiyyətini aşağı sala bilər.
Problemin həlli üçün provayderlər infrastruktur yatırımlarını artırmalı, fiber-optik internetin əhatə dairəsini genişləndirməli və beynəlxalq trafik tutumunu çoxaltmalıdır. Bununla yanaşı, dövlət səviyyəsində internet provayderlərinə nəzarət gücləndirilməli və daha şəffaf tarif siyasəti tətbiq olunmalıdır. İstifadəçilər isə internet sürətini mütəmadi test etməli, routerlərini yeniləməli, mümkün olduğu halda daha keyfiyyətli xidmət göstərən alternativ provayderlərə keçid etməlidirlər’’.