Həkimlərin antibiotik tələsi: Ölümə gedən yol

Aparıcı Aytən Səfərova ‘’Xəbər Ertəsi’’ verilişində çıxışı zamanı həkimlərin antibiotik təyin etmə təcrübəsi ilə bağlı narahatlığını ifadə edib.
Ajans.az xəbər verir ki, onun sözlərinə görə, əvvəllər antibiotiklər ən son çarə kimi yazılırdı, lakin hazırda həkimlər öz canlarını qurtarmaq üçün birinci antibiotik təyin edirlər.
Səfərova vurğulayıb ki, bəzi həkimlər xəstələrə antibiotikdən əvvəl test (prob) etməyi tövsiyə etmir. O, xaricdən gətirilən antibiotiklərin bir çoxunun həmin ölkələrin rəsmi dərman siyahısında yer almadığını da qeyd edib.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla “Ajans.az”a açıqlamasında deyib ki, ambulator şəraitdə evə antibiotik təyinatı edilməməlidir:
‘’Son vaxtlar baş verən hadisələr bunu bir daha sübut edir. Ev şəraitində vena daxili - el arasında desək, "sistem" köçürmək, antibiotik vurmaq və digər xüsusi təsirə malik, allergiya yarada biləcək inyeksiyalar aparmaq qətiyyən məqsədəuyğun deyil. Son dövrlərdə bununla bağlı ailə faciələri ilə tez-tez rastlaşırıq.
Bu baxımdan, antibiotik yalnız həqiqətən ehtiyacı olan xəstələrə təyin edilməlidir. Antibiotikdən əvvəl dərialtına sınaq dozası vurulması məsələsinə gəldikdə isə, dünyanın bir çox ölkəsi artıq bu üsuldan istifadə etmir. Çünki əgər xəstənin anafilaktik şoka meyilliliyi varsa, hətta minimal dozada olan sınaq belə onu şoka sala bilər. Bu halda dərmanın miqdarı heç bir əhəmiyyət kəsb etmir.
Bunu nəzərə alaraq, qeyd etmək lazımdır ki, stasionar şəraitdə xəstəyə təcili tibbi müdaxilə etmək üçün bütün imkanlar mövcuddur. Lakin ev şəraitində belə imkanlar olmadığı üçün antibiotiklərin evdə vurulması təhlükəlidir və yolverilməzdir.
Bundan əlavə, antibiotiklərin reseptsiz və ambulator şəraitdə satışı qadağan edilməlidir. Ümumiyyətlə, bu məsələlər icbari tibbi sığorta paketi çərçivəsinə daxil olunmalıdır. Təəssüf ki, bu istiqamətdə ölkəmizdə hələ də müəyyən boşluqlar mövcuddur. Dərman preparatlarının apteklərdən sərbəst şəkildə alınması bu kimi faciələrin baş verməsinə səbəb olur.
Tibbdə vəziyyətlər daim dəyişir. Hesab edirəm ki, dünyada qəbul edilmiş qaydaları və prinsipləri tətbiq edib onlara əməl etməliyik’’.