Estetik qurbanları niyə artır?- ŞOK İDDİALAR

Estetik qurbanları niyə artır?-
Cəmiyyət 12-02-2025 - 16:12

Bütün dünyada, eləcə də, Azərbaycanda plastik əməliyyatlar get-gedə populyarlaşır. Həkimlərin bildirdiyinə görə, səbəb bu sahədə informasiyanın çoxalmasıdır. Maraqlıdır, estetik əməliyyatlar niyə bu qədər dəbə mindi? Niyə insanlarda özlərini, bədənini dəyişdirmək istəyi yaranıb? Bunun insan psixologiyası ilə nə əlaqəsi var? Bu suallara cavab tapmaq üçün psixoloq-konsultant Zeynəb Əyyubovaya müraciət etdik.

Ekspert ‘’Ajans.az’’-a açıqlamasında bildirib ki, son illərdə plastik və estetik əməliyyatların populyarlaşması bir çox psixoloji, sosial və mədəni faktorlarla bağlıdır:
‘’İnsanların öz bədənlərini dəyişdirməyə meyl etmələrinin əsas səbəblərindən biri müasir dövrdə sosial medianın təsiri və gözəllik standartlarının daim dəyişməsidir. Psixoloji baxımdan, insanın öz görünüşündən narazı olması bəzən aşağı özünəinam, sosial qəbul olunma ehtiyacı, bədən dismorfik pozuntusu kimi problemlərlə əlaqəli ola bilər. Sosial şəbəkələrdə ideal bədən formalarının, mükəmməl üz cizgilərinin təbliği insanlarda özlərinə qarşı tənqidi yanaşmanı artırır. Nəticədə, fərdlər fiziki görünüşlərini dəyişdirmək yolu ilə daha çox bəyənilmək və qəbul edilmək istəyirlər. Digər bir nüans, cəmiyyətin estetik görünüşə verdiyi önəmdir. Xüsusilə bəzi peşələrdə yaxud ictimaiyyət qarşısında olan insanlarda xarici görünüş uğurun bir parçası kimi qəbul edilir. Bu da insanları plastik əməliyyatlara daha çox yönləndirir. Fikrimcə, plastik əməliyyatlar həmişə mənfi bir kontekstdə qiymətləndirilməməlidir. Əgər şəxs həqiqətən fiziki görünüşündə onu psixoloji narahat edən və gündəlik həyatına təsir edən bir problemi aradan qaldırmaq istəyirsə, bu, onun özünəinamını artırmağa və psixoloji rahatlığına müsbət təsir göstərə bilər. Əsas məsələ, bu qərarın sosial təzyiqlər, komplekslər əsasında yox, fərdin real ehtiyaclarına, daxili rahatlığına uyğun şəkildə verilməsidir. Nəticə olaraq, plastik əməliyyatların artmasının əsas səbəbi təkcə texnologiyanın inkişafı, məlumatın əlçatan olması deyil, həm də cəmiyyətin gözəllik normalarına münasibətidir. İnsanların psixoloji sağlamlığı üçün əsas vacib məqam isə özlərini olduğu kimi qəbul etməyi öyrənmək və dəyişiklik qərarlarını xarici təsirlərdən çox, öz daxili rahatlıqları əsasında vermələridir’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: