Əsəd dövrü bitər-bitməz İran görün, nə qərar verdi...
Əsəd rejimi bitdikdən sonra İrandan diqqətçəkən bir qərar gəlib. İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami Əsəd rejiminin süqutundan sonra Suriyada heç bir silahlı İran varlığının olmadığını açıqlayıb.
Ajans.az xəbər verir ki, noyabrın 27-də əməliyyatlara başlayan silahlı müxalif qruplar 61 illik Baas rejiminə 12 günə son qoyub. Müxalifət Dəməşqə gəldikdən sonra Bəşər Əsəd və ailəsi sürətlə Rusiyaya sığınıb.
Suriya televiziyasında açıqlama verən HTŞ lideri Əbu Məhəmməd əl-Kolani “2011-ci ildə başladığımız yolu davam etdirməkdə qərarlıyıq” sözlərini deyib.
Xəbərə görə, Salami İran parlamentində Suriyadakı son hadisələr və İranın izləyəcəyi hərbi strategiyanın müzakirə edildiyi qapalı iclasda çıxış edib. Salami, İranın hərbi müşavirləri və qüvvələrinin Əsəd rejiminin süqutuna qədər Suriyada olduğunu bildirsə də, İranın hazırda Suriyada hər hansı hərbi varlığının olmadığını vurğulayıb.
Görüşdə bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib. Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.
Digər tərəfdən Suriya Milli Ordusu dekabr ayında başlatdığı “Azadlıq şəfəqi” əməliyyatının ilk günündə Tel Rıfat rayon mərkəzini terror təşkilatı PKK/YPG-dən azad edib. Əməliyyatda Mənbic rayonunun azad edilməsi ilə Fərat çayının qərbində ən böyük terror yuvasına çevrilən bölgə PKK/YPG-dən təmizlənib.