Bir insana aşiq olub-olmadığınızı necə anlamaq olar? - ARAŞDIRMA

Bir insana aşiq olub-olmadığınızı necə anlamaq olar? -
Maraqlı 16-10-2024 - 20:36

Bəzən insanlar öz sevgilərinin gerçəkliyinə şübhə edirlər. Partnyorumuzun bizi əsl sevib-sevmədiyini düşünür, özümüzə dərd edirik. Aşiq olub-olmadığımızı anlamaq çətindir. İnsan bədəni aşiq olanda bəzi reaksiyalar verərək özünü ortaya qoyur. Həm bioloji, həm də psixoloji proseslər meydana çıxır və bədənimiz bu vəziyyətə müxtəlif fiziki reaksiyalar verir.

Ajans.az aşiq olduqda ortaya çıxan psixoloji vəziyyətləri təqdim edir.

1. Dopamin artımı (xoşbəxtlik və enerji partlaması)

Sevginin erkən mərhələlərində dopamin səviyyəsi yüksəlir. Bu, beynin mükafat mexanizmini işə salır və insanı xoşbəxt, enerjili və motivasiyalı hiss etdirir. Eyni zamanda bu, aşiq insanın daima sevdiyi insan haqqında düşünməsinə və diqqətini ona yönəltməsinə səbəb olur.

2. Artan ürək döyüntüləri

Sevdiyimizi görəndə və ya onunla ünsiyyət quranda ürəyimiz daha sürətli döyünür. Bu, adrenalin və norepinefrin hormonlarının ifrazı ilə əlaqədardır. Orqanizm sanki stres altındaymış kimi reaksiya verir, amma bu, müsbət bir həyəcandır.

3. İştahın azalması və yuxunun pozulması

Adrenalinin artması səbəbindən bəzi insanların iştahı azalır və yemək yeməyi unudur. Aşiq insanlar sevdiklərini düşündükləri üçün yatmaqda çətinlik çəkə, gecələr daha tez-tez oyana və ya yuxularında görə bilərlər.

4. “Üzən kəpənəklər” hissi

Mədə nahiyəsində hiss edilən yüngül gərginlik və ya titrəmə sevginin tipik fiziki əlamətlərindən biridir. Bu vəziyyət avtonom sinir sisteminin aktivləşməsi ilə bağlıdır.

5. Serotonin (Obsesif düşüncələr)

Sevdiyiniz insan haqqında daim düşüncələrə sahib olmaq serotonin səviyyəsinin azalması ilə əlaqədardır. Aşağı serotonin obsesif düşüncələrin səbəbi ola bilər və bir insanın diqqətini tamamilə o insana yönəldə bilər.

6. Dəri dəyişiklikləri

Bəzi insanlar ovuclarında tərləmə, üzün qızarması və ya birdən soyuqluq hiss edə bilərlər. Bunlar simpatik sinir sisteminin fəaliyyətinin nəticəsidir.

7. Bağlılıq və rahatlıq (Oksitosin)

Fiziki təmas və ya qucaqlaşma kimi vəziyyətlərdə oksitosin hormonu ifraz olunur. Oksitosin rahatlıq və bağlılıq hissi təmin edərək iki insan arasındakı əlaqəni gücləndirməyə kömək edir.

8. Zaman qavrayışının təhrifi

Aşiq olanda zamanın daha sürətli və ya yavaş keçdiyini hiss edirik. Aşiq insanlar sevdikləri insanın yanında olduqları zaman zamanın uçduğunu hiss edə bilərlər, lakin onlardan ayrı olduqda zamanın yavaşladığını düşünürlər.

Sevgi insan orqanizminə həm fizioloji, həm də psixoloji cəhətdən təsir edən mürəkkəb bir təcrübədir. Bu prosesdə həm stress, həm də xoşbəxtlik hormonları eyni anda meydana gəldiyi üçün sevgi həyəcanlı və sıx bir emosional vəziyyət yaradır.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: