Azərbaycanda faizsiz və zaminsiz kredit verən təşkilatlara etibar etmək olar? - Bunlara DİQQƏT EDİN!

Azərbaycanda faizsiz və zaminsiz kredit verən təşkilatlara etibar etmək olar? -
Kredit
Cəmiyyət 15-11-2024 - 13:21

Son zamanlar sosial şəbəkələrdə zamin tələb etmədən və heç bir əlavə prosedura ehtiyac qalmadan kredit təklif edən təşkilat və ya şəxslərin reklamları sürətlə yayılmağa başlayıb. "Asan və tez kredit" adı altında təqdim edilən bu təkliflər, xüsusilə maddi çətinliklə üzləşən vətəndaşlar üçün cəlbedici görünür. Lakin bu cür kampaniyaların arxasında hansı risklərin dayandığı və onların etibarlılığının şübhə doğurub-doğurmadığı ciddi müzakirə mövzusudur. Təkliflərin arxasında duran məqsəd, şərtlər və mümkün təhlükələr barədə məlumatlı olmaq olduqca vacibdir.

Bəs bu kimi təkliflərə etibar etmək olarmı?

Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli Ajans.az-a açıqlamasında bildirib ki, zaminsiz və minimal sənəd tələbi ilə kredit təklif edən şəxslər və ya təşkilatlar bəzən vətəndaşların şəxsi məlumatlarını əldə etməyə çalışır:

“Əslində inanmaq olar, ama hər bir halda diqqətli olmaq lazımdır. Çünki onlar kredit verir, bizdən kredit almır. Amma bu cür xırda və vətəndaşların maddi vəziyyətinə fikir vermədən onlayn kredit verən təşkilatlarda faizlər bir qədər yüksək olur. Onlar adətən 1-2 aylıq kredit verir və faziləri olduqca yüksək edirlər. Orada əsas nüans kreditin şərtləridir. Diqqət etmək lazımdır ki, krediti verən tərəf dələduzlar olmasın. Sosial şəbəkələrdəki naməlum mənbələrə inanmaq ciddi risklər yarada bilər”.

Ekspert qeyd edib ki, belə təkliflərə ehtiyatla yanaşmaq lazımdır, çünki çox vaxt bu cür elanların arxasında fırıldaqçılıq dayanır. Onun sözlərinə görə, bank olmayan kredit təşkilatlarının siyahı Mərkəzi Bankın rəsmi saytında var:

“Mərkəzi Bankın rəsmi saytına girərək bank olmayan kredit təşkilatları ilə yaxından tanış ola bilərlər. Əgər həmin qurum lisenziyalı təşkilatdırsa, heç bir problem yoxdur. Hər bir halda diqqətli olmaqda fayda var, çünki bu kimi üsullarla vətəndaşların pullarını mənimsəməyə çalışan bir çox dələduzlar var".

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: