Arvadın ərinin soyadını götürməsi HARAMDIR?- İLAHİYYATÇIDAN AÇIQLAMA

Arvadın ərinin soyadını götürməsi HARAMDIR?-
Cəmiyyət 27-02-2025 - 14:07

İctimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadının evləndikdən sonra ərinin soyadına keçməsidir. İddialara görə, İslam dinində qadının ərinin soyadını götürməsi haram sayılır. Bəs, bu doğrudurmu?

Mövzu ilə bağlı danışan ilahiyyatçı Yaşar Qurbanov Ajans.az-a açıqlamasında bildirib ki, İslam ənənəsinə görə, qadın öz atasının soyadını saxlamalıdır:

"Çünki insanın nəsil şəcərəsi atasına bağlıdır. Peyğəmbər Məhəmməd (s.ə.s) dövründə və ondan sonra da müsəlman qadınlar evləndikdən sonra öz soyadlarını dəyişmirdilər. Məsələn, Peyğəmbərin xanımları həmişə öz ata adları ilə tanınıblar (Xədicə bint Xuveylid, Aişə bint Əbu Bəkr və s.)."

İlahiyyatçı əlavə edib ki, İslamda qadının ərinin soyadını götürməsi dini borc deyil və daha çox cəmiyyətin adət-ənənələrindən asılı olan bir seçimdir. Bununla yanaşı, insanın atasından başqa birinə nisbət edilməsi İslamda caiz sayılmır:

"Hər bir şəxs yalnız öz atasına nisbət edilməlidir. Buna görə də qadının ərinin soyadını götürməsi haram sayılır. Başqa bir hədisdə isə Peyğəmbərimiz (s.ə.s.) buyurub ki, insanın atasından başqasına nisbət edilməsini iddia etməsi ən böyük yalanlardandır" (Buxari rəvayət etmişdir).

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: