"Allahverdi Bağırovun Xocalıda böyük xidmətləri olub" - Tarixçi

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir isə götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”.
Bunu Ajans.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib. O bildirib ki, Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub:
“O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu”.
Tarixçinin sözlərinə görə, Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi:
“Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin foto müxbiri Frederika Langen də çəkmişdi. F.Langen özünün "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi:
"Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi”.
Cavidan Mirzəzadə / Ajans.az