Aidiyyətı qurumlar cavab verməlidir - Sabiq Millət Vəkili

Aidiyyətı qurumlar cavab verməlidir -
Yağış
Gündəm 23-10-2024 - 17:05
 73

Ötən gün Bakıda yağan güclü yağış şəhərdə ciddi fəsadlara səbəb olub. Paytaxtın bir sıra ərazilərində su basqınları baş verib, küçə və prospektlərdə nəqliyyatın hərəkəti iflic olub. Yağış sularını qəbul etməkdə çətinlik çəkən kanalizasiya sisteminin yetərsizliyi və infrastrukturdakı problemlər şəhərin bir çox nöqtəsində həyatın dayanmasına gətirib çıxarıb. Su basqınları nəticəsində vətəndaşlar zərər çəkib, bəzi ərazilərdə isə elektrik enerjisi təchizatı dayanıb. Hazırda aidiyyəti qurumlar vəziyyətin aradan qaldırılması üçün tədbirlər görməkdədir.

Bəs, niyə Bakının kanalizasiya sistemi belə güclü yağışlara qarşı davam gətirmir? Problemin həll olunması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış Millət Vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev Ajans.az-a açıqlamasında bildirib ki, belə fəlakətli yağışlar və texnogen problemlər bütün ölkələrdə olur:

“O cümlədən son 10 ildə Dubayın özündə və Səudiyyə Ərəbistanıda belə yağışlar olub. Az qalsın 3 gün Dubay iflic vəziyyətinə düşmüşdü. Bu o demək deyil ki, biz bu problemə fikir verməməliyik, Xeyr! Çox ciddi fikir verməliyik. Ən azı ildə bir dəfə güclü qar və ya yağış yağanda belə problemlər yaranır. Bunun ən yaxşı yolu odur ki, xüsusi komissiya yaradılsın. Bakı şəhər İcra Hakimiyyəti, Nazirlər Kabineti, AYNA və digər qrumlar komissiya yaradıb bu məsələyə cavab verməlidirlər”.

Rüfət Quliyev

Deputat qeyd edib ki, bu kimi fəsadların əsas səbəbi paytaxtın yağış sularını qəbul edə bilməyən kanalizasiya sisteminin yetərsizliyidir. Onun sözlərinə görə, sualların cavablandırılması üçün bu işi araşdıran komissiya yaradılmalıdır:

“Mən nə 4 dəfə seçilən Millət Vəkili, nə professor, nə də vətəndaş kimi suallara cavab verə bilmərəm. Yol tikintilərində ekspert deyiləm. Müəyyən problemlərin yaranması əvvəldən planlaşdırılmış yolların, yeraltı keçidlərin texniki formada satandartlara uyğun olmayan tərzdə tikilməsidir. Amma yenə də bu suala ən yaxşı cavabı xüsusi komissiya verə bilər. Bunu 100 nəfərdən də soruşsaq, hərənin bir fikri olacaq. Amma bizə bunun rəsmi həlli lazımdır. Rəsmi həll üçün də rəsmi komissiya, rəsmi qərar, rəsmi çıxış yolları lazımdır”.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: