Ölüm cəzasının ləğvini Ulu Öndər Heydər Əliyevə borcluyuq
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans təşkil olunub.
Bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində apardığı hüquqi islahatlar, ölkəmizin beynəlxalq hüquq sisteminə inteqrasiyasını sürətləndirmiş, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təsirli mexanizmlərin yaradılmasına zəmin yaratmışdır.
Ajans.az xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda keçirilən konfransda deyib.
Ombudsman çıxışında qeyd edib ki, 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ölüm cəzasının ləğv olunmasına dair qərarın qəbulu insanların yaşamaq hüququnun təmini baxımından mühüm bir addım kimi yadda qalmışdır. Eyni zamanda, amnistiya aktlarının tətbiqi və əfv institutunun bərpası yüzminlərlə insanın cəzadan azad edilməsi ilə nəticələnmişdir.
Belə ki, siyasi hakimiyyətdə olduğu dövrdə insan hüquqlarını hər zaman əsas meyar olaraq rəhbər tutmuş Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında, habelə həmin ilin 18 iyun tarixdə imzaladığı Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənədlərdə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdur", - deyə S. Əliyeva fikrini yekunlaşdırıb.