2024-ün vəfat edən məşhurları - SİYAHI

2024-ün vəfat edən məşhurları -
Mə.hurlar
Şou Biznes 02-01-2025 - 12:18

2024 hər nə qədər insanlarda xoş xatirələr qoyub getsə də, bu il öz mənfi hadisələri ilə də yaddaşlarda qalıb.

Bildiyimiz kimi, bu il Azərbaycan şou-biznesi xeyli sayda itki ilə üzləşib.

Ajans.az 2024-də vəfat edən sənətçilərimizi təqdim edir.

Aygün Bəylər

Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib. Müğənninin nəşi Bakıya 7 yanvar tarixində gətirilib. Vəfat səbəbi süd vəzi xərçəngi olub. O, "Özün günahkarsan", "Tut ağacım", "Nə yaxşı sən varsan" kimi mahnıları ilə yaddaşlara həkk olunub.

Gülbahar Şükürlü

Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olub. 

2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub.

O, Azərbaycan Respublikasının əməkdar artisti (2009), musiqiçi və qarmon ustası olub.

Rahib Əliyev

Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır.

Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib.

Sahibə Əhmədova

Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-kürd", "Qatar", "Şahnaz" muğam dəstgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Simayi-Şəms" kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır. 

16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın "Əməkdar artist"i fəxri adına layiq görülüb.

16 mart 2024-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Şahlar Quliyev

Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb. 

2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub.

2024-cü il oktyabrın 26-da səhər saatlarında uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib. Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Xəyyam Əhmədli

Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub. 2023-cü ildə insult keçirib və ağır ürək problemi yaranıb. Xəyyam Əhmədli Azərbaycan Ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi "Hələ oğlun salamatdır" adlı meyxanası ilə məşhurlaşmışdı. Meyxanaçı 3 Dekabr vəfat edib. 

Mansur Samed

Mansur Samed 18 noyabr 2024-cü ildə dünyasını dəyişib. O, beyinə qan sızma nəticəsində vəfat edib. Sənətçi "Sevirəm", "Bir nəfər" kimi mahnılarla məşhurlaşıb.

Elnur Valeh

Elnur Valeh 1987-ci ildə anadan olub. Tanınmış meyxanaçı 09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib. O, "Ölüm haqdır", "Ömrümüz bir gülə bənzər", "Qara zindan" kimi ifaları ilə yaddaşlarda qalıb. 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: