"Yolda saxlayıb deyirlər hara baxırsınız?" - Məşhur bəstəkar TƏNQİD ETDİ

"Yolda saxlayıb deyirlər hara baxırsınız?" -
Şou Biznes 24-02-2025 - 11:59

“Bu mahnıları tənqid edənlər daha dərin musiqi biliyinə sahib olduqları üçün, araşdırma qabiliyyətləri olduğu üçün tənqid edirlər. Digər tərəf isə - əsasən gənclər və yeniyetmələr reklamın təsirinə düşərək onun əsiri olurlar və o cür də böyüyürlər. O zövq, daha doğrusu zövqsüzlük onların qanına işləyir və onu bəyənirlər. Bəlkə də böyüyərlər, daha keyfiyyətli musiqi dinləyərlər, deyə bilmərəm. Cəmiyyətin bu hissəsi musiqi baxımından daha cahildir”.

Bunu Ajans.az-a açıqlamasında sosial şəbəkələrdə trend olan və efirlərdə səsləndirilən bayağı musiqilərdən danışarkən bəstəkar Cavanşir Quliyev deyib. O bildirib ki, tək Azərbaycanda yox, hər yerdə belədir və müxtəlif zövqlər var: 

“Cavanlar internetdə, sosial şəbəkələrdə daha aktiv olduqları üçün dedikləri görünür. Amma bu o demək deyil ki, dedikləri doğrudur. Vaxtilə bir çox musiqilər trendlərdə birinci idi, indi o əsərlərin izi-tozu yoxdur. Amma ortabab sıralarda olan əsərlər indi də dinlənilir. Cəmiyyətin inkişaf etmiş hissəsi tənqidi yanaşır. Məni hətta yolda saxlayırlar ki, hara baxırsınız? Trendlər gəldi-gedər şeylərdi, musiqinin keyfiyyəti əbədidir”. 

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə trend olan “hav-hav” adlı mahnı Şəbnəm Tovuzlu və digər bir neçə müğənni tərəfindən efirdə səsləndirilib. Bayağı mahnının efirdə səsləndirilməsi əksər insanların tənqidinə tuş gəlib. 

Cavidan Mirzəzadə / Ajans.az

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: