"Yaxın dövrdə gərginlik olma ehtimalı yüksəkdir" - AÇIQLAMA

"Yaxın dövrdə gərginlik olma ehtimalı yüksəkdir" -
Siyasət 12-03-2025 - 17:38

“Ermənistan sürətlə silahlanmanı həyata keçirir. Hərbi çağırışçılar üç aylıq təlimlərə cəlb edilir ki, bu, əslində, nəzərdə tutulmuş normadan iki dəfə artıq bir müddət deməkdir. Fransa və Hindistan tərəfindən Ermənistana ciddi şəkildə silahlanma prosesi həyata keçirilir. Azərbaycanla şərti sərhədlərdə ciddi istehkamlar və hərbi mövqelər inşa edilir, tunellər, bunkerlər, blindajlar tikilir ki, bunlar hamısı Ermənistan tərəfindən hansısa bir eskalasiya və revanş cəhdinə hazırlıq kimi dəyərləndirilir”.

Bu sözləri Ajans.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib. O bildirib ki, "Caliber" olduqca etibarlı mənbələrdən məlumat almaq imkanına malikdir və onların bir çox proqnozları özünü doğruldub:

“Ermənistanda hal-hazırda baş verənlər Ermənistanın siyasətinin dəyişmədən davam etdirilməsi, sülhdən daha çox revanş cəhdlərinə baş vurulması ilə bağlıdır. Ermənistan baş nazirinin partiyasının nümayəndələri ilə gizli toplantıda qarşıdakı dövrlərdə savaşa hazırlaşmaqla bağlı verdiyi tapşırıqlar bir daha göstərir ki, yaxın dövrlər üçün Ermənistan-Azərbaycan arasında hərbi gərginliyin olma ehtimalı kifayət qədər yüksəkdir”.

Siyasi şərhçi həmçinin qeyd edib ki, Ermənistan nə qədər çox sülhdən danışsa da, faktiki olaraq əməldə başqa cür davranır və hal-hazırda sülh danışıqlarında müəyyən bir durğunluq müşahidə olunur:

“Bunun da əsas səbəbi ondan ibarətdir ki, 17 maddəlik sülh müqaviləsi layihəsinin iki maddəsi hələ də qalmaqdadır. Bu maddələrdən biri Ermənistan qanunvericiliyi və Konstitusiyasında Azərbaycana, o cümlədən Türkiyəyə qarşı yer alan müddəaların dəyişdirilməsi məsələsidir. Ermənistan isə hələ də bunu qısa müddətdə həyata keçirməyəcəyini bildirib. Nəticə etibarilə, bu dəyişikliklər olmayana qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkansız görünür”.

PAYLAŞ: