Uşaqlara bu oyuncağı qətiyyən almayın! – XƏBƏRDARLIQ

Uşaqlara bu oyuncağı qətiyyən almayın! –
Cəmiyyət 24-02-2025 - 16:57

"Bu fotonu feysbukda dost paylaşıb. Yazıb ki,  bu oyuncağın 20 yaşı var. Uşaqlarının kiçikliyindən qalıb. Bildiyiniz kimi, 20 il əvvəl bu tip insan yox idi. Bu boyda dodağı, gicgaha tikilən gözləri, görünməyən burnu, estetikli, dolğulu. Oyuncağın istehsalından əldə edilən gəlir əhəmiyyətsiz idi, planlar uzun vədə üçün quruldu. İstəklərinə təxminən 20 illik təbliğatdan sonra nail oldular".                                     

Bu sözləri sosioloq Lalə Mehrəli öz feysbuk hesabında paylaşıb.  

Maraqlıdır, bu tip kuklaların satışı uşaq psixologiyasına necə təsir edir? Oyuncaq alarkən nəyə diqqət edək?

Məsələni dəyərləndirən psixoloq-konsultant Zeynəb Əyyubova "Ajans.az"a bildirib ki, uşaqların inkişafında oyuncaqların rolu böyükdür:   "Oyuncaqlar sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda uşaqların sosiallaşmasına, dünyanı qavramasına və öz şəxsiyyətlərini formalaşdırmasına təsir edən mühüm amillərdən biridir. Lakin bazarda satılan bəzi oyuncaqlar, xüsusilə qeyri-real bədən quruluşuna və süni gözəllik standartlarına malik kuklalar, uşaqların psixologiyasına mənfi təsir göstərə bilər.
Bəzi kuklalar həddindən artıq iri dodaqlar, qeyri-real şəkildə böyüdülmüş gözlər, görünməyən burun və incə bədən quruluşu ilə fərqlənir. Bu cür kuklalar, bir tərəfdən, uşaqlar üçün cəlbedici görünsə də, digər tərəfdən onlarda gözəllik anlayışını təhrif edə bilər. Araşdırmalar göstərir ki, uşaqlar erkən yaşlardan bədən quruluşlarını və görünüşlərini bu cür oyuncaqlarla müqayisə etməyə başlayırlar. Bu da özgüvən problemlərinə, öz bədənlərindən narazılığa və gələcəkdə qeyri-real gözəllik standartlarını norma kimi qəbul etmələrinə səbəb ola bilər. Uşaqlar özlərini ətraf mühitdə gördükləri obrazlarla müqayisə edirlər. Əgər onlar yalnız müəyyən bir gözəllik standartı ilə formalaşmış kuklalarla oynayarlarsa, özlərini bu qəliblərə uyğunlaşdırmağa çalışacaq. Nəticədə isə öz görünüşlərindən narazı qalacaqlar. Bu hal xüsusilə qız uşaqları üçün daha risklidir. Çünki onlar üçün yaradılan kuklalar adətən mükəmməl cizgilərə, uzun ayaqlara, incə belli bədən quruluşuna və iri gözlərə malik olur. Bu cür kuklalar uzun illərdir bazarda satışdadır və zaman keçdikcə onların vizual obrazı daha da təkmilləşdirilir. 20 il əvvəl uşaqların oyuncaqları daha real görünüşə malik idi. Lakin zaman keçdikcə bu kuklalar insanların qəbul etdiyi gözəllik standartlarını dəyişdi. Bu gün sosial mediada və cəmiyyətdə plastik əməliyyatların geniş yayılması da təsadüfi deyil. Gözəllik anlayışı üzərində aparılan tədqiqatlar göstərir ki, uşaqlara erkən yaşlardan təlqin edilən obrazlar onların gələcəkdə öz görünüşlərini dəyərləndirmə tərzinə təsir göstərir.
Bu cür kuklaların populyarlaşması ilə uşaqlarda plastik əməliyyatlara və estetik prosedurlara maraq artıb. Gənc yaşlarda artıq bədənlərindən narazı qalan uşaqlar, böyüdükdə özlərini daha “ideal” etmək üçün müxtəlif estetik müdaxilələrə əl atırlar. Bunun nəticəsində isə psixoloji problemlər, özgüvən çatışmazlığı, bədən dismorfiyası kimi problemlər ortaya çıxara bilər.
Valideynlər oyuncaqları seçərkən onların sadəcə xarici görünüşünə deyil, eyni zamanda uşağın psixoloji və emosional inkişafına necə təsir etdiyini də nəzərə almalıdırlar. Burada bəzi əsas məqamlar var. Beləki təhsil verən və yaradıcılığı stimullaşdıran oyuncaqlar seçin. Oyuncaqlar uşağın fantaziyasını inkişaf etdirməli, təkcə gözəllik üzərində qurulmamalıdır.
Daha realistik görünüşə malik kuklaları seçin. Fərqli bədən quruluşuna malik kuklalar uşaqlarda müxtəlif gözəllik standartlarının mövcudluğunu başa düşməyə kömək edir".
Ekspert diqqətə çatdırıb ki, sosial və cinsi stereotipləri gücləndirməyən oyuncaqlara üstünlük verin:

 "Məsələn, qız uşaqlarına yalnız gözəllik mərkəzli kuklalar deyil, müxtəlif peşələri əks etdirən oyuncaqlar da alınmalıdır.
Mediaya və sosial şəbəkələrin təsirinə nəzarət edin. Uşaqlar bu kuklaları təkcə oyuncaq mağazalarında deyil, həm də cizgi filmlərində, sosial mediada və reklamlarda görürlər. Onlara real gözəlliyin müxtəlif formalarda ola biləcəyini izah etmək vacibdir.
Bundan əlavə uşaqlarınızla oyuncaqlar haqqında söhbət edin. Onlara izah edin ki, real insanlar müxtəlif bədən quruluşlarına və görünüşlərə malikdirlər və hər biri gözəldir.Onlara bədənin dəyərinin yalnız görünüşlə ölçülmədiyini aşılayın. Uşaqlara bacarıqların, intellektin və şəxsiyyətin də dəyərli olduğunu öyrədin.
Oyuncaq seçimində uşaqlara müəyyən qədər sərbəstlik verin, lakin onları doğru istiqamətə yönləndirin.
Uşaqlarınızı sosial mediada neqativ təsirlərdən qorumaq üçün onların izlədiyi məzmunlara nəzarət edin.
Bu məsələyə diqqət yetirməklə uşaqlarımızın sağlam psixoloji inkişafını təmin edə və onların özgüvənli, müstəqil və real həyatı düzgün dəyərləndirən fərdlər kimi yetişməsinə kömək edə bilərik". 

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: