“Azərişıq” öz rekordunu yenilədi

24 fevral 2025-ci il tarixində “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.
Ajans.az xəbər verir ki,tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin və müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsas da elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanaraq qeyd olunub ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində ötən ilki 98.31%-lik rekord nəticəsini yeniliyərək bu il də 99.60% rekord nəticə əldə edib. Ötən illərdə də “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar qazanmış, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer almışdır. 2024-cü il üzrə əldə olunan nəticə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir. Bundan sonra da “Azərişıq” ASC tərəfindən xidmətlərin genişləndirilməsi, elektronlaşdırılması istiqamətində işlər davam etdiriləcək və növbəti illərdə də müştəri məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün tədbirlər görüləcək.