Ölümə səbəb olan spirtli içkilər görün harda istehsal olunur: DETALLAR

Ölümə səbəb olan spirtli içkilər görün harda istehsal olunur:
Gündəm 24-02-2025 - 18:21

Son dövrlərdə spirtli içkilərdən zəhərlənmə və ölüm halları cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Xüsusilə, fevralın 22-23-də Bakının Sabunçu rayonunda 15 nəfərin saxta spirtli içkilərdən zəhərlənərək həyatını itirməsi bu problemin nə qədər ciddi olduğunu bir daha göstərdi. Araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslər texniki spirt tərkibli saxta içkilər qəbul ediblər.

Saxta spirtli içkilər əsasən qeyri-qanuni sexlərdə istehsal olunur. Bu sexlərdə texniki spirt, su və müxtəlif kimyəvi maddələr qarışdırılaraq, tanınmış markaların etiketləri ilə bazara çıxarılır. İstehsal prosesində istifadə olunan texniki spirtin tərkibində insan orqanizmi üçün son dərəcə zərərli olan metanol mövcud ola bilər. Metanol qəbulu görmə itkisi, koma və hətta ölümə səbəb ola bilər.

Məsələ burasındadır ki, bu cür saxta məhsullar müxtəlif yollarla istehlakçılara çatdırılır.

Məişət dükanları və ya lisenziyasız satış məntəqələrində ucuz qiymətə təklif olunur, restoran və kafelərə orijinal məhsul adı altında təqdim edilir. İstehlakçılar daha ucuz qiymətə orijinal məhsul əldə etdiklərini düşünərək bu içkiləri alırlar, lakin nəticədə sağlamlıqlarını ciddi risk altına atırlar.

Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Ajans.az-a bildirib ki, spirtli içkilər bazarı ərzaq sektorunda ən çox çirklənmiş sahələrdən biridir. 

"Beş il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ən bahalı restoran və kafelərdə reydlər keçirərək müəyyən etdi ki, xaricdən gətirilən ən bahalı içkilər əslində Azərbaycanda hazırlanmış qarışıq mayelərlə doldurularaq əhaliyə təqdim edilir. Bu, ciddi problemlərin mövcudluğunu ortaya çıxardı. Təəssüf ki, həmin dövlət qurumu bu işin davamını gətirmədi və 2019-cu ildə spirtli içkilərin, xüsusən də arağın istehsalı üçün nəzərdə tutulan lisenziyalar ləğv olundu. Nəticədə, 60-dan çox spirtli içki istehsalçısı ortaya çıxdı və bazar sürətlə çirklənməyə başladı. Standartlara uyğun spirtli içki istehsal edən müəssisələr bu qeyri-bərabər rəqabətə dözə bilmədilər."

Hüseynov əlavə edib ki, hökumət keçən il minimum qiymət tətbiq etməklə bağlı qərar qəbul etdi. Lakin bu qərardan sonra saxta spirtli içki istehsalçıları da qiymətləri artırdılar. Beləliklə, istehlakçılar həm qiymət, həm də keyfiyyət baxımından zərər gördülər. İstehlakçı hüquqları arxa planda qaldı və bazar həddindən artıq çirkləndi.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə yalnız məhsulların təhlükəsizliyinə təminat verir, keyfiyyətə nəzarət edilmir. Hüseynovun fikrincə, AQTA-nın standartlarında dəyişikliklər olmalıdır. İstehlakçıların sağlamlıqlarını qorumaq üçün bəzi məqamlara diqqət etmələri vacibdir. Mənbəyi məlum olmayan içkilərdən uzaq durun. Yalnız etibarlı və lisenziyalı satıcılardan məhsul alın. Şübhəli dərəcədə ucuz məhsullara ehtiyatla yanaşmaq lazımdır. Orijinal məhsulların qiymətləri müəyyən səviyyədə olur, həddindən artıq ucuz məhsullar saxta ola bilər.Qablaşdırma diqqətlə yoxlanmalıdır. Etiketin düzgün yapışdırıldığını, yazıların aydın və səhvsiz olduğunu yoxlamaq lazımdır."

PAYLAŞ: