Təbrizdə yanacaqdoldurma məntəqəsində güclü yanğın olub
İranın Təbriz şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan ostanının böhran idarəetmə xidmətinin direktoru Məcid Fərşi xəbər verib.
Bildirilir ki, ərazidə yanacaq daşıyan tanker alışıb.
"Yanğınsöndürənlər yanan tankeri stansiyadan təhlükəsiz məsafəyə çəkə və alovları lokallaşdıra biliblər. Əgər alov yanacaq çənlərinə keçsəydi, nəticələr fəlakətli olardı", - deyə Fərşi vurğulayıb.
Fövqəladə Hallar Departamentinin məlumatına görə, yanğının söndürülməsi üçün 6 yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə zamanı iki yanğınsöndürən xəsarət aldığı, lakin onların həyatı üçün təhlükə olmadığı bildirilib. Mülki şəxslər arasında ölən və xəsarət alanların olmadığı vurğulanıb.
Qeyd edilir ki, tankerin alışma səbəbləri hələ müəyyən edilməyib. Hadisə yerində ekspertlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.