Sərhəddə kəşfiyyatçı və hərbçilər - DÜŞMƏNİN ƏMƏLİYYAT PLANINA İŞARƏ

“Müharibə qurtarmayıb ki, başlasın. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yoxdur. Biz hələ də müharibə şəraitindəyik, sadəcə atəşkəs rejimindəyik. Ona görə də müharibə şəraitində olan hər iki tərəf hər an atəşkəsin pozulması və bundan irəli gələn hansısa vəziyyətlə üzləşə bilər”.
Bunu Ajans.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Ermənistanın silahlandırılması birinci növbədə guya Azərbaycandan təhlükə yaranacağı iddiası ilə həyata keçirilir:
“Bunu bəhanə gətirərək Ermənistan sürətlə silahlandırılır. Belə olduğu halda, istisna edilmir ki, maraqlı qüvvələr şərti sərhəddə iri miqyaslı təxribat törədə bilərlər. Ona görə də bu vəziyyət hər an baş verə bilər - apreldə də, apreldən əvvəl də, sonra da.
Biz Avropa missiyasının son zamanlar müxtəlif istiqamətlərdə aktivləşdiyini görürük. Onların fəaliyyətində kəşfiyyatçıların və hərbçilərin olması diqqət çəkir. Bu fəaliyyət hətta Azərbaycan sərhədlərinin binokllarla müşahidəsini də əhatə edir. Bu binoklların sadəcə müşahidə vasitəsi olmadığını da nəzərə almalıyıq. Onlar həm məsafə ölçmə, həm də coğrafi kəşfiyyat məqsədləri üçün istifadə edilə bilər. Ona görə də Avropa missiyasının bu formada aktivləşməsi əməliyyat planlarının hazırlanmasına işarə edə bilər. Bu, mümkün təxribat planlarının hazırlanması və gələcəkdə həyata keçirilməsi üçün hesablamaların aparılmasını ehtiva edir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.